7Times.az xəbər verir ki, tanınmış və sevilən müğənni Xatun Əliyeva moderator.az-ın suallarını cavablandırıb.
– Xatun xanım, hər zaman çalışqanlığınızla, peşəkarlığınızla həmkarlarınızdan seçilirsiniz. Demək ki, bütün bunlar tamaşaçıya olan yüksək hörmətdən qaynaqlanır. Bunu necə bacarırsınız?
– Paulo Koelonun gözəl bir sözü var: “İnsan özünü cəmiyyətdə nə qədər qeyri-adi hiss edirsə, fərqlidirsə o bir addım öndədir”. Düşünürəm ki, bacardığım qədər, öz dünyagörüşümə görə, ailəmə söz gətirmədən səliqəli şəkildə müəyyən təbəqəyə, tamaşaçıya işləyərək, özümü bu yerlərə gətirib çatdırmışam. Öz ağlımla və əlbəttə ki, rəhmətlik qardaşım Balaşın dəstəyi ilə. 2007-ci ildən professional səhnədəyəm. İnsan bəlli bir yerə gələndən sonra oradakı mövqeyini saxlamaq üçün çalışır. Bu zaman köməyə ağıl, səbr, dünyagörüş gəlir. Özünü tamaşaçıya sevdirməyi bacarmalısan. Bir zamanlar etdiyim parodiyalara görə sənət dostlarımla münasibətim yaxşı olmasa da, mənim vizyonum tamaşaçılarım, onların sevgisi idi. Düşünürəm ki, uğurum məhz tamaşaçının sevgisini qazanmaq oldu. Heç vaxt şikayət etməmişəm, hər zaman çözüm yolu axtarmışam. Şikayət edənlər həyatda uğur qazana bilməz. Müəyyən hadisələrdən alnı açıq, üzü ağ çıxmalısan. Sənətlə, məşhurluğla bərabər öz titulunu, mövqeyini və cəmiyyətdəki yerini qoruyub saxlamalısan. Bunun üçün birinci iman, ikinci xarakter, 3-cü də əlbəttə ki, ağıl, savad lazımdır. Allah heç bir zaman ağlımızı başımızdan almasın, bunları bizə nəsib etsin.
– Sənətinizdə ən böyük fasilə nə zaman olub?
– Əlbəttə ki, 2007-ci ildən karantinə qədər mən düşünürəm ki, sənətimdə heç vaxt fasilə verməmişəm. Müəyyən verilişlərdən uzaqlaşmışamsa, bu da mənim sırf öz istəyimlə olub. Ən böyük fasilə qardaşım, Balaşımı itirən zaman oldu. Allah Dilarə xanıma can sağlığı, səbr versin. Yenə də Dilarə xanım mənə icazə vermədi ki, səhnəyə qayıtmaq üçün Balaşın ilinin çıxmağını gözləyim. Balaşa veriliş həsr edib, məni dəvət etdi. Ondan sonra 1 il demək olar ki, mən sadəcə Balaşla bağlı olan verilişlərə çıxdım. Çünki Balaş ölkədə birincilərdən idi, sayılıb-seçilən stilist idi. Məndən də məşhur idi. Sənətimdəki o bir il ancaq Balaşa hərs olundu. Sağ olsun mənim media dostlarım, aparıcılarımız, onlar Balaşın xatirəsinə gözəl verilişlər həsr edib, yazılar hazıladılar. Bir il Balaş üçün yas saxladım.
– Hansı insanları özünüzdən uzaqlaşdırdınız? Uzaqlaşdırdığınız insanlar yenidən sizə yaxınlaşmaq istədilərmi?
– Bilirsiniz ki, 2020-ci ildə karantin başladı. Pandemiyanın bütün insanlara, ələxsus da yaradıcı şəxslərə, həmçinin də mənə mənfi təsiri oldu. 2021-ci il fevralın 22-də mən ən əziz insanımı, can parçamı (Balaş) itirdim. Bura qədər insanlar mənim çıxışlarıma, verilişlərdə olan çılğın hərəkətlərimə baxıblarsa, bu sırf şıltaq bir ərköyün, Balaşın böyütdüyü Xatun idi. Pandemiyadan, müharibədən və Balaşın itkisindən sonra mən çox böyüdüm. Böyüdükcə də ətrafımdakı o “haha-hihi” lərin nə qədər süni, təmənnalı, nə qədər yalançı olduğunu anladım. Bu an gözüm açıldı. Sakit şəkildə bunları izləməyə başladım. Bəzi insanlar özləri-özlərini həyatımdan itirdilər. Əlbəttə ki, mən çox pərişan idim. Heç bir problemim yox, sadəcə dərdim var idi. Həmin ərəfədə illərdir yanımda olan insanlar, dostlarım məni yanıltdılar. O insanlar sonra öz səhvlərini başa düşdülər, amma mən elə bir dönəmdə idim ki, ya qalxacaqdım, ya da batacaqdım. İllərlə mənimlə birlikdə çalışan insanlar həmin ərəfədə məni tək qoydular. Şükür Allahın birliyinə. Həyatımdan gedən bəzi insanlarn itkisi mənim üçün itki yox, uğur sayılır. Onlar mənim yanımdan gedəndən sonra hər şey gözəl oldu. Əlbəttə ki, yenidən yanıma qayıtmaq da istəyirdilər. Heç bir şəkildə onları geri qaytarmadım. Bu gün çalışdığım qədər öz işlərimlə, elə özüm məşğul oluram. Amma mənə kömək edən insanlar da var. Hər şeyin qərarını özüm verirəm, münasibətləri özüm qururam. Elə insanlar var idi ki, məni onlar üçün əlçatmaz etmişdilər. Onlar da buna görə məndən inciyirdilər. Bu incikliklər də bizə ancaq ziyan gətirirdi. Bunların hamısına indi özüm nəzarət edirəm. Şükür Allahın bu gününə.
– “Elçilik” filmində sizi bir aktrisa kimi də gördük. Filmi şəxsən özüm izləmişəm. Bu vaxta qədər film dəvətlərini niyə qəbul etmirdiniz?
– Çox sevindim ki, aktrisalıq qabiliyyətimi bəyənmisiniz. Filmlə bağlı çox təkliflər almışdım. Amma ilk olaraq “Elçilik” filmindən gələn təklifi qəbul etdim. Təklif də mənə əziz dostum Elgiz Əkbərdən gəldi. Bilirdim ki, baş rolda Elgizlə mənəm. Özümü filmdə sınamaq mənim üçün çox maraqlı oldu. Aparıcılıqdan da, aktrisalıqdan da ən çox sevdiyim müğənnilik sənətidir. Mənim üçün müğənnilik yüksək bir sənətdir.
– Türkiyəli aktrisa Meral Konratla müsahibə edəndə sizdən ağız dolusu danışdı. Hətta deyirdi ki, “Xatunu özümə bir bacı bilirəm”. Bəs niyə filmin qala gecəsində onu görmədik?
– Meral xanımla yaxından tanış oldum. Həqiqətən də mən də onun haqda, mənim ünvanıma dediyi sözləri təkrar edə bilərəm. Filmin qala gecəsində iştirak etməməsi ilə bağlı hansısa bir məlumatım yoxdur. Bunu ən yaxşısı filmin prodüsseri bilər. İnşallah ki, Meral xanım yenidən gələr və biz görüşərik.
– Sənətinizdə nəyə hələ də çatmamısınız?
– Əlbəttə ki, hər kəs istəyər ki, öz sənətində yüksəlsin. Mənim də arzularım var. Ən böyük arzum odur ki, konsertim baş tutsun. Konsert düşünürəm, inşallah ki, bu arzuma da çataram. Fəxri ad, titullar da mənim arzularımdandır.
– Maşallah olsun, övladınızı da evləndirdiniz. Allah cütlükləri xoşbəxt etsin. Gəlininizlə münasibətiniz necədir? Sizdən hansı məsləhətlər alır?
– Allah bütün subaylara toy qismət etsin. Biz ayrı yaşayırıq. Gəlinim məsləhətə qulaq asır. O gözəl bir ailənin övladıdır. Əlbəttə ki, ara-sıra böyük sözünə də qulaq asmaq lazımdır. Yeri gələndə məsləhətlərimi verirəm. Şükür Allaha ki, hər şey yaxşıdır. Allah onları oğullu, qızlı etsin.
– Fatimə Fətəliyeva ilə barışmağınız kimlərdi sevindirib, kimləri məyus etdi?
– Fikirləşmirəm ki, kim sevindi, kim sevinmədi. Bu kimi detallara varmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, barışıqlar gözəldir. Divamız, gözəl sənətkarımız, ayım-günəşim, xalq artisti Aygün Kazımova bizi barışdırdı. Mən Aygün xanımın sözünün qabağında söz deyə bilməzdim.
– Başqa kimlərlə barışmaq istərdiniz?
– İstəmərəm ki, heç kimlə küsülü olum. Heç kimə qarşı kinim, küdurətim, paxıllığım, həsədim yoxdur. Belə barışıqlar tez-tez olmalıdır.
Follow @7timesaz