Ölkəmiz bu il də “Formula 1” yarışlarına ev sahibliyi edəcək. Dünyanın hər yanından Azərbaycanda bu coşğunu yaşamaq üçün çox sayda insan axın edəcək desək, yanılmarıq.
OLAY yazır ki, sürət, həyəcan və idmanı sevənlərin bir araya toplaşacağı bu beynəlxalq yarışda yerli müğənnilər – Hiss və Səmra Rəhimli səhnə alacaqlar.
Əlavə olaraq, yarışda dünya şöhrətli diceylər – Hardwell və Don Diablo da tamaşaçı qarşısına çıxacaq. Belə ki, aprelin 28-i Hiss və Don Diablo, aprelin 29-u isə Səmra Rəhimli və Hardwell ayrı-ayrılıqda canlı performans sərgiləyəcəklər.
Maraqlıdır ki, “F1”in Azərbaycanda keçirildiyi illər ərzində dünya ulduzları “taxt”da olublar. Repçi Kardi B, müğənnilər Dua Lipa, Enriki İqlesias, Meray Kerri, Farrel Uillams, Kris Braun, Kristina Ageleria və Nikol Şerzinger izdihamlı konsert veriblər. Bu il isə meydan gənc müğənnilərimizindir.
OLAY-ın əldə etdiyi məlumata görə, Hiss və Səmra öz çıxışları üçün aylardır hazırlıq prosesi keçirlər. Geyimlər, rəqs, performans və s. tamamlanması üçün onlar xeyli zəhmət çəkirlər. İfaçılar ayrı-ayrılıqda 1 saat ərzində səhnədə çıxış edəcəklər. Onları peşəkar rəqqaslar müşayiət edəcək. Yerli müğənnilərin canlı ifa edəcəyi gözlənilir.
Həmçinin, Səmra və Hiss-in dünya standartlarına uyğun bir şou təqdim edəcəkləri düşünülür.
Xatırladaq ki, konsert proqramları dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə təşkil olunacaq.
Nigar Namiq