Aprelin 22-nə keçən gecə Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Zaur oğlu Hacıyevin əmisi oğlu tərəfindən iplə boğularaq qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisənin qısqanclıq zəminində baş verməsi müəyyən edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, qəsəbə sakini, 1994-cü il təvəllüdlü Tural Hacıyev gecə saat 3 radələrində yaşadığı evin həyətində Quşçu kəndində yaşayan əmisi oğlunu görüb. O, qısqanclıq zəminində əmisi oğluna hücum edərək onu boğmağa başlayıb və hadisə yerində öldürüb.
O da məlum olub ki, 5 il əvvəl Ramin Hacıyevin atası Zaur Hacıyev də Şamaxıda qətlə yetirilib. Belə ki, 2018-ci il yanvarın 18-də “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyev qonşu fermada yaşayan Natiq Bünyadov tərəfindən odlu silahla öldürülüb. Həmin hadisənin də qısqanclıq zəminində törədilməsi məlum olub.
Araşdırmalar davam etdirilir.
Follow @7timesaz