Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***10:53
Bakının Nəsimi rayonunda Toyota “Prius”un sürücüsü avtomobili polislərin üzərinə sürüb.
BAKU.WS xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə metronun “Əcəmi” stansiyası yaxınlığında baş verib.
Avtomobili nömrəsiz idarə edən şəxs, yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və daha sonra maşını polislərin üzərinə sürüb. O, həm də qəsdən maşınını DYP-yə məxsus xidməti avtomobilə vurub.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, bu gün səhər saat 7:50 radələlərində paytaxtın Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız Prius markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb, polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmayıb və nəticədə bir neçə nəqliyyat vasitəsinə də maddi ziyan dəyib:
“Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim ediləcək”.