Rusiyanın ən azı 18 regionunda ciddi meşə yanğınları qeydə alınıb.
“AzPolitika.info” yerli mətbuata istinadla xəbər verir ki, nəticədə Tümen və Kurqan vilayətlərində 7 nəfər həlak olub.
Kurqan vilayətində 42 ev yanaraq məhv olub, 6 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Regionun qubernatoru Vadim Şumkov təhlükə yaranarsa, insanları təxliyə etməyə çağırıb. O, əmlakın tamamilə itirilməsi halında zərərçəkənlərin hər birinə 50 min rubl veriləcəyini vəd edib.
Tümen vilayətində 49 yaşlı yerli sakin yanğını söndürərkən ölüb, daha iki nəfər yaralanıb. Bölgədə ən azı 124 bina yanıb. 12 yanğın söndürülüb, daha 23 yanğının söndürülməsi davam etdirilir.Rayonda fövqəladə vəziyyət elan edilib, bir neçə yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi elan edilib. Yanğında çoxsaylı heyvanlar da ölür.
Sverdlovsk rayonunun Pervomayski kəndində iki barıt anbarı yanıb. Yanğınsöndürən yaralanıb, yerli əhalinin təxliyəsi elan edilib. Səlahiyyətlilərin sözlərinə görə, hadisəyə səbəb meşə yanğınları olub.
Həmçinin Omsk, Çelyabinsk, Amur vilayətlərində, Xabarovsk diyarında və Yəhudi Muxtar Vilayətində iri meşə yanğınları qeydə alınıb. Bütün bu bölgələrdə fövqəladə vəziyyət tətbiq olunub. Trans-Baykal ərazisində 60 min hektar quru ot sahəsi yanıb. Küləkli və isti hava yanğının söndürülməsini çətinləşdirir.
Rəsmi məlumata görə, mayın 8-i səhərə qədər Rusiyada 154 meşə yanğını baş verib. Bölgələrin hakimiyyət orqanları təbii fəlakətdə insanları günahlandırır: yanğınlar yanan otlar və söndürülməmiş yanğınlar nəticəsində başlayıb. Kurqan vilayətində isə səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.
Follow @7timesaz