Ölkə

Gəncədə arvadını öldürən şəxsin ŞOK İFADƏSİ: Bu evin kişisi sənsən, yoxsa mənəm…

Gəncədə arvadını öldürən şəxsin ŞOK İFADƏSİ: Bu evin kişisi sənsən, yoxsa mənəm…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Mahəddin Atakişiyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

7Times.az  Pravda.az-a istinadən bildirir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Mahəddin Atakişiyev ifadəsində göstərib ki, mərhum Aynurə Orucova doğma xalası qızıdır və 20 noyabr 2008-ci il tarixdə ailə həyatı qurub. Bu evlilikdən 3 övladı dünyaya gəlib.

O, evləndikdən sonra arvadı ilə münasibətləri daim gərgin olub, xasiyyətləri uyğun gəlməyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar sevərək ailə həyatı qurmayıblar, böyüklərin məsləhətinə görə evləniblər. Aynurənin anası Rəfiqə xala daim qızına ayrı yaşamasını məsləhət bilib, Mahəddin isə bu barədə deyilənləri qəbul etməyərək valideynlərindən ayrı yaşamağı rədd edib. Lakin 2021-ci ilin dekabr ayının 18-də o, arvadı və uşaqları valideynlərindən ayrılaraq eyni evin daxilində ayrı yaşamağa başlayıblar.

Belə ki, onlara ayrı otaq və ayrı mətbəx verilib. Bundan sonra Mahəddin və arvadı valideynlərinin heç bir işinə qarışmasa da, Aynurənin təqsirləndirilən şəxsin anası Sürəyya ilə münasibətləri yaxın olmayıb. Onun valideynləri də onları işlərinə müdaxilə etməyiblər. Lakin bununla belə atası və anası maddi cəhətdən onlara lazımi köməkliyi göstəriblər.

Hadisə olan gün, yəni 7 dekabr 2022-ci il tarixdə, saat təxminən 12:30-da kənddə yerləşən çayxanadan evlərinə gəlib. Mahəddin evə gəlməzdən əvvəl, saat 12 radələrində qayınanası Rəfiqə ona zəng edərək “Sizin evinizdən gəlirəm, qızım Aynurənin böyrəkləri ağıyır, yerdə yata bilmir, valideyn olaraq bizdən kömək istədi, sən usta tap, otağın “deespe” hissəsini geri çək, otaq genişlənsin, qızım yerdə yatmasın, çarpayı əlavə edək, qızım orda yatsın, ustaya çəkilən xərci özümüz ödəyəcəyik”, deyə bildirib. O, xalası Rəfiqəyə yaz qabağı bu işləri görə biləcəyini və atası ilə məsləhət etdikdən sonra qərar verəcəyini deyib. Evə gəldikdən sonra tövlənin qarşısında arvadı Aynurəyə bununla bağlı anası ilə müzakirə apardığı üçün iradını bildirib.

Mahəddin qeyd edib ki Aynurə anasının arxasına söylənərək onu günahlandırıb. Aynurə uca səslə söyləndiyi üçün ona iradını bildirib və “Bir az asta danış”, deyə söyləyib. Aynurə ona qulaq asmayıb danışmağa başladığı üçün özündən çıxaraq ona susmasını tapşırıb və qadını söyüb. Aynurə onu təhqir etməyib, anasının arxasınca danışıb. O, isə Aynurəyə, sənə tərbiyə verən valideynlərinin var-yoxunu söyüb. Aynurə isə ona cavab qaytarmayıb. Bu, onu daha da qıcıqlandırıb.

Belə ki, o, Aynurəni söydükcə, heç bir şey deməyərək ona saymazyana münasibət göstərib, sanki onu saymayıb. Bundan sonra qadın otağına tərəf gedib. Mahəddin isə tövlənin damına çıxaraq inəklərə ot presi düşürüb. Bu vaxt Aynurə yataq otağının qapısını bərk çırpıb. O, Aynurənin arxasınca gedərək “qapını niyə bərk çırpırsan, bu evin kişisi sənsən, yoxsa mənəm” deyib. Aynurə yenidən saymazlıq edərək ona cavab verməyib və Rəfiqəyə bişirdiyi yeməyi qazandan çəkməyə başlayıb. Sonra o, boşqabı Aynurənin əlindən alıb və ona cavab verməsini tələb edib. Arvadı üzünə əsəbi vəziyyətdə baxaraq yenidən cavab verməyib. O, Aynurəni əlindən tutaraq anasıgilin otağına aparıb. Qızı otaqda qalıb. Mahəddin otağın qapısını örtüb və arvadı ilə aralarında olan mübahisəni qızının görməsini istəyib. Aynurənin sağ əlindən tutaraq anası Sürəyyanın yatdığı otağa aparıb.

Anası Sürəyya ayaq üstü vəziyyətdə olub və stolun ətrafında dayanıb. O, anasına “Aynurə qapını bərk örtüdümü?” deyə sual verib. Anası Sürəyya ona “Boş verin, dalaşmayın, hər belə şeydən ötrü dava etməyə dəyməz” deyib. Həmin vaxt atası evdə olmayıb. O, əsəbi halda Aynurəyə tərəf gedib və ona “Hər şeyi belə edirsən, amma danırsan” söyləyib. Aynurə etdiyi səhvləri boynuna almayıb və bu isə onu özündən çıxarıb. Mahəddin əsəbindən sağ əlilə arvadının sol yanağını qapıya tərəf itələyib və qadına nalayiq ifadə işlədib.

Aynurə anidən coşaraq otaqda stolun mərkəzi hissəsində olan məişət təyinatlı mətbəx bıçağını götürüb kişinin üstünə gəlib. Bıçağı sağ əlində sinə nahiyəsinə tərəf hərəkət etdirərək “Bəsdir, məni cana doydurmusan”, deyə qışqırıb. Həmin vaxt Mahəddin qapının yanından oraya hərəkət edib. Anası Sürəyya əynində qara rəngli jaketi dartaraq ona mane olmağa çalışıb. Təxminən saat 13 radələrində kişi dərhal sağ əli ilə Aynurənin sağ əlində olan bıçağı götürüb və əsəbi vəziyyətdə onun döş qəfəsi nahiyəsinə tərəf 2 dəfə ardıcıl xəsarət yetirib.

Mahəddin deyib ki, arvadını öldürmək niyyətində olmayıb. Onun niyyəti Aynurənin etdiyi tərbiyəsizliyin cavabını vermək olub. Daha sonra Aynurə çölə tərəf qaçıb. O da Aynurənin arxasınca qaçıb, anası Sürəyya da onun arxasınca gəlib. Arvadı evin çöl tərəfində, aynabəndin qapısının qarşısında yerə yıxılıb. Mahəddin xəstəxanaya çatdırmaq üçün Aynurəni götürməyə çalışıb, lakin anası ilə birlikdə Aynurəni götürə bilməyib. O, otağa tərəf gedib və idarə etdiyi avtomobilin açarını götürərək geri qayıdıb. Həmin vaxt atası Hidayət içəri daxil olub, Aynurəni qana bulaşmış, huşsuz vəziyyətdə yerə yıxılı halda görüb. Atası Hidayət qadını avtomobilə əyləşdirib. Daha sonra Mahəddin atası ilə birlikdə Aynurəni birbaşa Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanaya çatan zaman qadın artıq ölmüşdür. Bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları xəstəxanaya daxil olaraq onu şöbəyə aparıblar.

Mahəddin ifadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olduğunu söyləyib.

Qeyd: Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucova ötən il dekabrın 7-də qətlə yetirilib.

Məlum olub ki, Mahəddin Atakişiyev aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Mahəddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.