Son illər dünyada rezonans doğuran məhkəmə proseslərindən birinin nəticəsi məlum olub.
“7times” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın andlılar məhkəməsi Viskonsin ştatında etiraz aksiyası zamanı iki nəfəri güllələyərək qətlə yetirən 18 yaşlı amerikalı Kayl Rittenhausun günahsız olduğuna dair qərar qəbul edib.
İnsident 2020-ci ilin avqust ayında bütün Amerikanı bürüyən “Black Lives Matter” hərəkatı tərəfdarlarının etiraz aksiyaları zamanı baş verib. Belə ki, avqustun 23-ü ştatın Kenoşe şəhərində yerli polis əməkdaşları məişət zorakılığına görə saxlamağa çalışdıqları qaradərili Cekob Bleyki yaralayıblar. Həmin şəxs dünyasını dəyişməsə də, insident şəhərdə kütləvi etiraz aksiyalarına səbəb olub.
Həmin dövrdə 17 yaşı olan Kayl Rittenhaus İllinois ştatından Viskonsinə gəlib və polisə yerli sakinlərin əmlakını talançılardan qorumaq üçün nəzərdə tutulmuş könüllü dəstəsinə qoşulub. Bu könüllülər polislə birlikdə şəhəri silahla patrul edirdilər.
Bir gün tüfənglə silahlanmış Rittenhaus nümayişçilərlə polis və könüllülər arasında baş verən toqquşmalardan birinin iştirakçısına çevrilib. O, bu qarşıdurma zamanı ondan tüfəngi almaq istəyən nümayişçi 36 yaşlı Cozef Rozenbaumu güllələyib. Rozenbaum aldığı yaralardan keçinib.
Bunun ardınca Kayl qaçmağa çalışanda çox sayda etirazçı onu təqib etməyə başlayıb. Nümayişçilər ona hücum etdikdə Kayl yerə yıxılıb. Aksiya iştirakçılarından biri, 26 yaşlı Entoni Huber ona zərbə endirmək istəyəndə Kayl ona da atəş açıb və onu öldürüb. Kayl ən son 26 yaşlı Qeyc Qrosskroyça atəş açıb və onu əlindən yaralayıb.
Amerika mediasının yazdığına görə, Kayl bütün bu olanlardan sonra əllərini yuxarı qaldıraraq özü polis avtomobilinə tərəf gedib. Kayl saxlanıldıqda ona qarşı qətl və qanunsuz silah saxlamaqla bağlı ittihamlar irəli sürülüb. Kaylı gözləyən ən böyük cəza ömürlük həbs idi.
Məhkəmə prosesi isə 2021-ci il noyabrın 1-i başlayıb. Rittenhausun vəkilləri insidenti özünümüdafiə olaraq nəzərdən keçirməkdə təkid ediblər.//Qafqazinfo
Follow @7timesaz