ABŞ səfirliyi öz vətəndaşlarını yenidən Ukraynanı tərk etməyə çağırıb. Üstəlik, Birləşmiş Ştatlar vətəndaşlarının Ukraynadan çıxması üçün ölkələrin siyahısına dair yol xəritəsi dərc edib.
7Times.az xəbər verir ki, bu barədə Amerika səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Ukraynadakı təhlükəsizlik vəziyyəti Rusiyanın hərbi əməliyyatlarının artan təhdidləri səbəbindən gözlənilməz olaraq qalır və xəbərdarlıq edilmədən daha da pisləşə bilər. Ukraynadakı ABŞ vətəndaşları kommersiya və ya digər şəxsi avtomobillərdən istifadə edərək indi tərk etməyi düşünməlidirlər”,- səfirlik qeyd edib.
Gedişlər Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Moldova vasitəsilə həyata keçirilir. Eyni zamanda, qeyd edilib ki, Dnestryanı ərazisi ilə gediş-gəliş mümkün deyil. Bununla belə, ABŞ-ın Kiyevdəki səfirliyinin açıq qaldığı qeyd edilir. Departament Ukraynadakı bütün ABŞ vətəndaşlarından əlaqə saxlamaq üçün onlayn forma doldurmağı xahiş edir.
Bundan əvvəl ABŞ-dan başqa Avstraliya, Böyük Britaniya, Almaniya, Kanada, Yaponiyanın bəzi diplomatları və ailələrinin evakuasiya edildiyini açıqlamışdı. Ukrayna hakimiyyəti belə qərarı vaxtından əvvəl hesab edir və bunun üçün heç bir real səbəb görmür. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, bunlar “mürəkkəb diplomatik oyunun incəlikləridir”.
Prezident Vladimir Zelenski isə deyib ki, bir sıra ölkələrin diplomatlarının Ukraynadan təxliyəsi hələlik ölkədə vəziyyətin qaçılmaz gərginləşməsi demək deyil. Hətta Ukraynada akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin rəhbərləri ilə xüsusi müşavirə keçirərək, onları ölkəni tərk etməməyə çağırıb.
Zelenski bildirib ki, həyəcan təbili çalmaq Ukraynaya hərbi əməliyyatlardan heç də az itki vermir.
Follow @7timesaz