Avropa İttifaqının xarici siyasət rəhbəri, Estoniyanın keçmiş baş naziri Kaja Kallas ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah yardımı ilə bağlı son bəyanatına ehtiyatlı münasibət bildirib. Onun fikrincə, Vaşinqton Kiyevə silah verilməsində yalnız siyasi deyil, maliyyə baxımından da məsuliyyət daşımalıdır.
Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra çıxış edən Kallas deyib: “Biz Prezident Trampın Ukraynaya genişmiqyaslı silah tədarükü ilə bağlı bəyanatını alqışlayırıq. Amma istərdik ki, ABŞ bu yükü bizimlə bölüşsün. Əgər siz silah verəcəyinizi deyirsiniz, amma pulunu başqasının ödəyəcəyini bildirirsinizsə, deməli, əslində siz bu silahı vermirsiniz”. Onun sözlərini “France-Presse” yayıb.
Xatırladaq ki, bir gün əvvəl Tramp NATO-nun baş katibi Mark Rütte ilə birgə bəyanat yayaraq, Avropa ölkələrinin ABŞ-dən milyardlarla dollar dəyərində silah, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri alacağını və bu silahların sonradan Ukraynaya ötürüləcəyini açıqlamışdı.
Tramp eyni zamanda Rusiya ilə atəşkəs razılaşması üçün 50 günlük müddət qoyduğunu və bu müddət ərzində müharibənin dayandırılmaması halında yeni, daha sərt iqtisadi sanksiyaların tətbiq olunacağını bildirmişdi.
Trampın təşəbbüsünə ilk reaksiya verən ölkələr sırasında Almaniya, Danimarka, İsveç və Niderland olub. Onlar ABŞ silahlarının alınmasında iştirak edəcəklərini və bu çərçivədə Ukraynaya dəstəyin davam etdiriləcəyini bildiriblər.
Bu arada NATO rəhbərliyi bəyan edib ki, son aylarda Ukraynaya göndərilən silahların əksəriyyəti Avropa ölkələri tərəfindən təmin olunub və bu tendensiya gələcəkdə də davam etdiriləcək.
“AzPolitika.info”
Follow @7timesaz