AFFA Premyer Liqa klublarına ayrılan vəsaiti olduğu kimi saxlaya bilər.
Bu barədə federasiyadan saytımıza yeni məlumat daxil olub.
Redaksiyamızın qurumdan əldə etdiyi informasiyaya görə, elita təmsilçilərinin ötən 2 ildə olduğu kimi, növbəti mövsümdə də 3 milyon manat dotsiya alması gözlənilir.
Halbuki son günlərə kimi 4 milyon manatlıq yardım paketindən danışılırdı. Liqa iştirakçılarının rəsmiləri ilə görüşlərdə də onlara bir neçə dəfə şifahi şəkildə bu barədə xəbər çatdırılmışdı.
İndi isə… artıq vəziyyət dəyişməyə doğru gedir. Səbəb də AFFA-nın maliyyə qaynaqlarını genişləndirmək yolunda üzləşdiyi problemlərdir.
Odur ki, federasiyanın 2024-cü ilə aid büdcəsi də azaldıla bilər. Aparılan audit yoxlamasının nəticələri Rövşən Nəcəfdə narahatlıq yaradıb.
Aprelin 2-də AFFA-nın prezidenti seçilmiş xərclərin çoxluğu R.Nəcəfi heyərtləndirib. O, federasiya rəsmiləri ilə görüşündə «büdcəyə maksimum dərəcədə ehtiyatla yanaşın, qənaət edin» göstərişi verib.
Nəcəf bildirib ki, hər layihəyə vəsait ayırmağa gərək yoxdur, əksinə, AFFA-nın normal fəaliyyət göstərməsi üçün yeni sponsorlar tapmaq və onlarla uzunmüddətli tərəfdaşlıq etmək lazımdır.
SPORTİNFO.AZ
Follow @7timesaz