“Tik-Tok”da yayılan növbəti video qalmaqala və narazılığa səbəb olub. Həmin görüntüləri həm də izləyicilərin hissiyyatını, duyğusallığını düşünmədən paylaşıblar.
Lent.az xəbər verir ki, şiddətli görüntülərin olduğu hadisə Ağdaşda olub. 4 yeniyetmə bir nəfəri “təkləyərək” ondan üzr istəmələrini tələb ediblər. Ancaq görüntülərdən həmin yeniyetmənin hansı “səhv”i etdiyi, günahının nə olduğu bilinməyib. Paylaşımda yalnız “Ağdaş uşaqlarından üzr istə” və sonda vurulan yumruq səsi eşidilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a danışıb. O hadisədən məlumatlı olduqlarını bildirib:“Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.