Aparıcı-aktyor Şəhriyar Əbilov şəxsi həyatı, layihələri, musiqi karyerası və keçmiş xanımı Oksana Rəsulova ilə bağlı OLAY-la hömsöhbət olub:
– “Şəhri”nin yanında yarı var?
– Hazırda yar yoxdur. Ona görə də hamı “Şaxa”, “Şəhri” deyir. Yəqin ki, yar olanda Şəhriyar deyəcəklər. Hələ ki, subay insanam. İstədiyim xanımla görüşə bilərəm. Lakin indi istər rəsmi şəkildə, istərsə də uzun müddətdir görüşdüyüm, bir yerdə olduğum heç kim yoxdur. Sərbəst, səhrada olan ərəb kimi səfərdəyik, dəvəmizlə gedirik. Hər şey qaydasındadır. Yəqin ki, nə vaxtsa kimsə olacaq. İnsanlar tək doğulsalar da, cüt olmağa məhkumdurlar. Nə vaxtsa o cüt olacaq.
– Uzun müddət sonra Oksana Rəsulova ilə eyni tədbirdə – “Səma ilə görüş”ün qala gecəsində görüntüləndiniz. Amma bir-birinizi görməzdən gəldiniz, salamlaşmadınız. Niyə?
– Mən onu görməmişəm. Üzbəüz gəlməmişik. Orada olmağına fikir verməmişəm. Xəbərim yox idi. Öz həmkarları ilə gəlibmiş. Sonradan gördüm ki, OLAY amerikanların maqazin sisteminə uyğun maraqlı video çəkib (gülür). Amma hərəmiz başqa-başqa yerlərdə oturmuşduq. Həyatda üzbəüz gəlirik. Oğlumuz var. Həmişə onun yanındayıq. Övladımıza nə lazımdırsa, müzakirələrini birgə edib, qərar veririk. Hörmətlə yanaşıram. Nə yaxşı ki, Allah mənə elə bir övlad qismət edib.
– Aparıcı Ceyran Rəhimova açıqlama verdi ki, efirdə şounu da müəyyən bir çərçivədə etmək lazımdır. Siz bu haqda nə düşünürsünüz?
– Dünya şousuna baxanda ən çərçivəsiz kanallar müasir dövlətlərindir. Xüsusilə də italyanlarda qalmaqallı şoular var. Bizim öz mental çərçivələrimiz mövcuddur. Bəzi şeyləri etik olaraq qəbul etmək olar. Amma etikadan kənara çıxıb, vulqarlaşırsa, mən də onu qəbul etmirəm. Həmişə demişəm ki, aparıcı əyləncə verilişi aparsa belə, evindəki tərbiyəsini göstərməlidir. Ağzından çıxan hər sözə yiyəlik etməlidir. Ona baxmayaraq əyləncəli, gülməli, fərqli şoular etmək olar. Necə ki, vaxtında peşəkar həmkarlarımız ediblər.
– Yeni hansı layihələriniz var?
– Ötən il Hindistanda çəkildiyim filmi ya “Netflix”də, ya da digər dünya platformalarında izləyəcəyik. Azərbaycanda maraq dairəmdə olan film təklifi yoxdur. Bir ideya var, “Evdə qalmış”ın ikinci hissəsi çəkilməlidir. Bunu müzakirə edirik. Televiziyada aparıcılıq edirəm. Yeni mövsüm başlayır. Bu dəfə ulduzlar yox, vətəndaşlar yarışacaq. Bir də musiqi karyerama davam edirəm. 3-4 mahnı eyni zamanda aranjimandadır. Yaxın zamanda tamaşaçılarımı sevindirəcəyəm.
– Dövlət kanalında çalışırsınız, amma həm də əyləncənizdən qalmırsınız… Bu balansı necə qoruyursunuz?
– Bəli, dövlət kanalında aparıcı olsam da, əyləncəmi qoruyuram. “Düşən pullar” layihəsi Amerikada, Fransada, Rusiyada yayımlanırdı. Dünyanın hər yerində tanınmış insanlar bu layihəni aparır. Rusiyada da aparıcısı Maksim Qalkin idi. Formata uyğun olaraq ciddi, hərdən gülərüz ünsiyyət olmalıdır. “Düşən pullar”da vaxt tamam olduqdan sonra pulların düşüb-düşməyəcəyini gözləyərkən mənim müdaxiləm qadağandır. Ona görə də mən susuram. Onların emosiyalarını gözləyirəm. Sual veriləndə, cavablandırılanda zarafatımı da, gülərüzlüyümü də edirəm. Bu, formatdır. 20 ildir televiziyada olduğum üçün istər ağlamalı, istər gülməli verilişdə harada hansı həddimi aşa biləcəyimi bilirəm. Balansı qorumağı bacarıram. Bu da təcrübədən irəli gəlir. Yəqin ki, balansı qoruya bilməyənlərin də balans problemi var. Düzəltmək lazımdır.
– Ötənlərdə aparıcı Tural Əsədov açıqlama verdi ki, sizin verilişdə Afaq Gəncəli ilə 35 min manat udublar. Lakin bölüm hələ efirə getmədiyi üçün pul verilməyib…
– Mən bilirəm ki, hər kəsin fərdi fikri var. Verilişlər kanalın böldüyü sıra ilə efirə gedir. Yəqin ki, ən qaymaq vaxtı onlara saxlayıblar. Mən bilmirəm. Verilişimi aparmışam, onlar da iştirak ediblər,vəssalam.