Gəncə Ağır Cinayətlər Məhkəməsində gəlini 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanı qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevə hökm oxunub.
7Times.az xəbər verir ki, hökmə əsasən Məhəmmədəli Mustafayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, qətl ötən ilin avqustun 22-də Daşkəsənin Bayan kəndində törədilib.
Məlum olub ki, Məhəmmədəli gəlini Nəzakəti aralarında yaranan mübahisə zamanı bıçaqla 10 dəfə xəsarət yetirərək qətlə yetirib.
İfadəsində təqsirləndirilən şəxs bildirib ki, Nəzakətin bacısı Təhminə və anası Gülnar müxtəlif bəhanələrlə Nəzakəti evlərinə apardıqlarından həmişə aralarında narazılıq olub.
“Nəzakətin bacısı Təhminə bir neçə dəfə evlənib boşanıb. Son zamanlarda isə tanımadığı hərbi qulluqçu ilə qeyri-rəsmi birlikdə yaşayır. Buna görə, Nəzakətin tez-tez ailəsininin yanına getməyindən, ailəmin adına ləkə gətirəcək hərəkət etməsindən narahat olurdum.”
Sonuncu dəfə Təhminə Nəzakətin əri Samirə zəng edərək anasının xəstə olduğunu, Nəzakətin gəlməsini deyib. Bundan sonra Samir Nəzakəti anasıgilin yaşadığı evə aparıb. Lakin növbəti gün Nəzakətin anasının sağlam olduğu məlum olub. Nəzakət təxminən iki ay anası və bacısı ilə birlikdə yaşadıqdan sonra yenidən Bakı şəhərinə Samirin yanına gedib.
2022-ci ilin avqustun 19-da isə cütlük uşaqlarının sənədlərini düzəltmək üçün kəndə qayıdıb.
Hadisə günü Məhəmmədəli həyətyanı sahədən Nəzakəti evə çağırıb və ona “sonuncu dəfə də ananla bacın bizi aldadaraq səni evlərinə apardı, ya bir dəfəlik boşan, ya da ananın evinə getməyə son qoy”,- deyə bildirib. Aralarında yaranan mübahisə zamanı qayınata mətbəx bıçağı ilə gəlininə 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Nəzrin Cavadzadə
Follow @7timesaz