İdman

Aleksey Baqa: “Azərbaycana pul dalınca gəlməmişdim”

Aleksey Baqa: “Azərbaycana pul dalınca gəlməmişdim”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə “Sumqayıt”ın baş məşqçi postundan istefa verən belaruslu mütəxəssis Aleksey Baqanın “Report”a müsahibəsi

– Sizin kimi tanınmış baş məşqçinin “Sumqayıt”dan belə tez gedəcəyi gözlənilməz oldu. Çünki klubla 2,5 illik müqavilə imzalamışdınız. Amma yekunda heç 1 il işləmədiniz. Özünüz üçün belə gedişat sürpriz olmadı?

– Normal vəziyyətdir, komandanın qələbəsi yoxdur. Aydın məsələdir ki, baş məşqçidən nəticə tələb olunur. Bu müddətdə xal toplaya, komandayla turnir cədvəlində yuxarı qalxa bilmədim. Buna görə normal durumdur.

– Hələ V turda “Neftçi”yə “Bakcell Arena”da 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiniz, jurnalistlərin qarşısına köməkçiniz Rail Məlikov çıxdı. Həmin vaxt istefa verib getmək istəyirdiniz?

– Yox, onda istəmirdim. Sadəcə, daxildə çox neqativ hisslər yığılmışdı. Çünki əvvəlki klublarımda qələbə qazanmağa öyrəşmişdim. Bu qədər udmayanda adət etmədiyim hisslər yaşadım. Buna görə emosional an idi. Üstəlik, həqiqətən elə alındı ki, ailəmin yanında olmalı idim. Övladım xəstələnmişdi, həyat yoldaşım yad şəhərdədir, tez kömək etməli idim. Necə deyərlər, bəd şey bir olmur, dalbadal gəlir.

– Niyə “Sumqayıt”da işiniz alınmadı? Bəlkə transferlər sizin istəyinizlə edilməmişdi. Uğursuzluğu soyuq başla analiz etmisiniz?

– Açığı, baş hələ də soyuq deyil. İstənilən halda, hansısa analiz olacaq. Çünki mənim üçün də xoşagəlməyən məqamdır ki, niyə alınmadı. Qazaxıstanda “Aktobe”ni saymasaq , bunadək çalışdğım digər komandalarda işim çox yaxşı alınıb. Bu, Litvada “Jalgiris”də də belə idi, Belarusda BATE-də də, Soliqorsk “Şaxtyor”unda da. Hamısında çempion oldum. Burada isə uğur qazanmaq mümkün olmadı. Əlbəttə, səbəbini özümdən soruşacağam.

– Bəlkə Azərbaycan Premyer Liqasını ciddiyə almadınız…

– Yox-yox. Bu, ola bilməz! Azərbaycan Premyer Liqasının səviyyəsindən xəbərim var idi. “Neftçi” və “Qarabağ”ın gücünü əzbər bilirdim. Eyni zamanda “Qəbələ”ni Yuri Syomin və Roman Qruqorçukun dövründən yaxşı tanıyırdım. Bu mənada, ciddiyə almamaq söhbəti dəqiq yox idi. Premyer Liqanız, burada oynayan legionerlər yetərincə səviyyəlidir. Bir ölkəyə gəlib, burada futbol oynaya bilmədiklərini düşünmək peşəkarlıqdan kənardır. Bu, düzgün deyil.

– Litva və Belarusda güclü komandalarla işləmisiniz. Hər biri öz ölkəsinin flaqmanı sayılır. “Aktobe”ylə “Sumqayıt” isə belə deyillər. Bəlkə hazır klublarda nəticə verə bilirsiniz, nisbətən zəif komandalarda isə daha çox çalışmaq lazım gəlir…

– “Aktobe”ylə bağlı düzəliş edim ki, Qazaxıstan çempionudur və avrokubokların iştirakçısı olub.

– Bilirəm, amma indi Qazaxıstanda liderlərdən sayılmır, “Astana”, “Kayrat”, “Tobol” ön plandadır…

– İstənilən halda “Aktobe”nin tarixi, Qazaxıstan futbolunda adı var. Ola bilər ki, “Sumqayıt” belə titullu klub deyil. Amma buna baxmayaraq, gəlib işləməyə razılıq verdim. Sadəcə, alınmadı, vəssalam!

– “Sumqayıt”ın tarixində ilk dəfə legioner transferinə məhz sizin vaxtınızda icazə verildi və gətirilənlərin səviyyəsi çox müzakirə olunur. Sizcə, onlar keyfiyyətli oyunçular deyil?

– Artıq klubda işləmədiyimdən heç nəyi şərh etməyəcəyəm. Ola bilər ki, hətta bu məsələni gündəmdən çıxaraq. Bu, yaxşı, peşəkar olmayacaq. “Sumqayıt”ın işçisi olduğum son dəqiqəyədək fikir bildirə bilərdim, amma indi bu barədə danışmayacağam. Bu, hər şeydən əvvəl kişi hərəkəti olmaz.

– Azərbaycanda işləməyə gəldiyinizə görə peşman deyilsiniz?

– Qətiyyən! Bu, təcrübədir, məşqçi işidir. Hələ BATE-də işləyərkən “Qarabağ”la oyun üçün Bakıda olduğum vaxtda şəhərin gözəlliyini görmüş, burada yaxşı insanların olduğuna şahidlik etmişdim. Yəni, ümumiyyətlə, mənfi bir şey deyə bilmərəm. Yalnız ondan başqa ki, burada nəticə qazana bilmədim. Buraya gəldiyimə görə heç bir şikayətim yoxdur. Yeni tanışlıqdır, yeni təəssüratlardır. Kimliyindən asılı olmayaraq, hər bir rəqiblə oyundan öncə həmkarlarımla gözəl münasibət, ünsiyyət qurmuşam. Böyük mütəxəssis Qurban Qurbanovdan tutmuş digər klublarda işləyən həmkarlarımadək.

– Yəni, hesab etmirsiniz ki, Azərbaycanda uğursuz işiniz imicinizə mənfi təsir göstərəcək?

– Yox. Necə deyərlər, nəticə baxımından mənim üçün heç də yaxşı dövr deyildi. Amma eyni zamanda təkan, daha çox işləmək analiz etmək üçün siqnaldr ki, Rusiyada, “Qarabağ”da, millidə işləyən həmkarlara bənzəyəsən.

– Maraqlıdır, “Sumqayıt”dan getməklə bağlı ilk addımı siz atdınız, yoxsa rəhbərlik?

– Dediyim kimi, nəticə yoxdursa, istənilən halda, baş məşqçi buna cavahdehdir.

– Sirr deyilsə, təzminat istədiniz? Çünki klubla 2 ilə yaxın müqaviləniz vardı…

– (gülür) Heç bir şey istəmədim. İnanın ki, xoşluqla ayrıldım. Bura pul dalınca deyil, futbolla məşğul olmağa gəlmişdim. Təəssüf ki, alınmadı.

– Artq yeni variantlar var?

– İstefamdan cəmi bir neçə gün keçib. Belarusda çempionat bitir, həlledici mərhələdir. Başqa yerdə başqa amillər var. Üstəlik, dünyadakı vəziyyəti unutmayın: logistika və bir çox məsələlərlə bağlı çətinlikdir. Fikrimcə, istənilən halda, bir variant olacaq. Əsas odur ki, dünyada sülh, əmin-amanlıq olsun, heç bir pis xəbər eşitməyək, hamı sağ-salamat olsun. Futbolla isə hansısa bir formada məşğul olarıq.

– Hələ də Bakıda olmağınızn səbəbi nədir?

– Övladım Bakıda məktəbə başlayb. Burada nə qədər qalacağımı bilmirəm. Bunu təxmin etmək çətindir. Ola bilər ki, sabah nəsə olsun. Bakıda yaşayıram, hələlik buradayam. Sadəcə, başqa ölkədən təklif olsa, dərhal gedə bilərəm. Hər gün təyyarə reysləri var.