Almaniya hökuməti Rusiya müxalifətinin lideri Aleksey Navalnının qaldığı yerlə bağlı suala cavab verməyib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert A.Navalnının qısa müddətdə sağalmasını diləyib və Rusiyadan baş vermiş hadisəyə cavab verməsini istəyib.
O, sentyabrın 23-də keçirdiyi brifinqdə deyib: “Navalnının qaldığı yer, gələcək planları haqqında ondan və komandasından soruşmalısınız. Mən buna cavab vermirəm”.
A.Navalnının isə bu gün “Facebook”da özünün parkdakı şəkli ilə birgə paylaşım edərək reabilitasiyası barədə izləyicilərinə məlumat verib:
“Dünən neyropsixoloq gəlmişdi, ağlımı itirib-itirmədiyimlə bağlı test keçirirdi. Ondan soruşuram ki, sadəcə fiziki baxımdan deyil, həm də ağıl baxımdan bərpa olmaq üçün nə etmək lazımdır. Cavabını bəyəndim: çoxlu oxuyun, sosial şəbəkədə yazın. Videooyun oynayın. Gərək öyrənim, xəstəxanadan “PlayStation 5” üçün resept ala bilərəmmi”.
Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.
Follow @7timesaz