Hadisə

Ali Məhkəmə sabiq federasiya prezidenti ilə bağlı qərarı elan edib

Ali Məhkəmə sabiq federasiya prezidenti ilə bağlı qərarı elan edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə dələduzluq və digər cinayətlərdə təqsirləndirilən Barat İsrafilovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, B.İsrafilovun kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, 1960-cı il təvəllüdlü B.İsrafilov 1992-2018-ci illərdə Azərbaycan Kunq-fu Federasiyasının prezidenti vəzifəsində çalışıb. O, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, B.İsrafilov 2016-cı ildə L.İbrahimovaya dövlət tərəfindən onu mənzillə təmin etdirmək imkanına malik olduğunu bildirərək qadından 91 520 manat məbləğində pulu rüşvət qismində alıb.

B.İsrafilovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.1-ci (Ələ alma, rüşvət vermə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib. Belə ki, onun 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını 7 ilə endirib. Daha sonra B.İsrafilov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.