Xalq artisti, tanınmış muğam ifaçısı, xanəndə Zabit Nəbizadənin Qaynarinfo-ya qalmaqal yaradacaq müsahibəsi:
– Əvvəllər “Muğam televiziya müsabiqəsi” keçirilirdi. Pandemiya səbəbindən təxirə salınıb. Məlumat var ki, yaxın vaxtlarda sözügedən müsabiqə yenidən başlanacaq. Bununla bağlı nə deyə bilərsiniz?
– Allah eləsin, “Muğam müsabiqəsi” heç bərpa olunmasın.
– Niyə?
– Çünki həmin müsabiqənin xeyrindən çox ziyanı var. Mən bunu bilirəm və sübut da edərəm. Bütün muğam müsabiqəsində iştirak edənlər yığışıb gəlsin yanıma, mənim üçün toyda bir dəsgah oxusun, görüm oxuya bilərlər?
– Yəni oxuya bilmərlər, deyirsiniz?
– Heç nəfəsi də çatmaz. Çünki müsabiqə dövründə nə öyrəniblərsə, bu gün onu oxuyurlar. Müsabiqədə də dəsgahı tamam öyrənməyiblər, heç öyrətməyiblər də. Bu – bir, sonra daha bir problem var. Həmin ərəfədə müsabiqə iştirakçıları efirdə olur, xalq onları tanıyır və sevir. Şou dili ilə desək, dəbdə, gündəmdə olurlar. Xalq onları sevir və toy şənliklərinə aparır, orda da öyrəndiklərini oxuyurlar. İndi bizim toylarımız da iki-üç saatlıq olub. Hərə 10 dəqiqə oxuyur, vəssalam… Əvəllər iki gün toy olardı, hamısında da dəsgahlar oxunardı. Düzünü deyim, özüm oxumağı unutmuşam, qəzəllər yadımdan çıxıb. Cavanları qınamıram. İndi də pandemiya… İki ildən yuxarıdır ki, istədiyimiz şəkildə toy şənlikləri də yoxdur. Nə qədər ki, “palatka” – mağar kənd toyları vardı, orada dəsgaha tələbat da vardı, tamaşaçı tələb edirdi. İndi toylarda da heç kəs özünü əziyyətə salmır, hər kəs asan musiqilər seçir, onu oxuyurlar. Gəlib kimsə hansısa mahnını sifariş edəndə deyir, bilmirəm, yaxud da oxumuram, “mənim repertuarım budur” deyirlər. Sərf eləmir axı ona.
– Yola verirlər?
– Bəli, mən də daxil olmaqla hamımız yola verə-verə gedirik. Gələcəyi yaxşı görünmür. Mən muğam müsabiqələrinin tam əleyhinə deyiləm, amma iki ildən bir də belə müsabiqəyə ehtiyac görmürəm. Çox tezdir… Gərək arada fasilə uzun olsun. Bundan əlavə, həmin müsabiqə dövründə yaxşı oxuyanlar kənarda qaldı. Münsiflər heyəti yaxşının içindən pisi seçdilər, sonra pisin içindən yaxşı axtardılar.
– Münsif üzvləri öz tələbələrini qabağa verirdi?
– Yox, elə deyil. Mən özüm münsif üzvü deyildim, amma tələbələrim müsabiqədə iştirak edirdi. Hər uğuru qismətin üstünə atıram.
– Bu gün Zabit Nəbizadənin fəaliyyəti nədir? Toylar gedirsiniz, yoxsa müəllim olaraq tələbə yetişdirirsiniz?
– Müəlliməm, ancaq dərs deyirəm.
– Sizin dərs dediyiniz tələbələrinizlə bu gün üzdə olan şanlı-şöhrətli xanəndələrin dərs verdiyi tələbələr arasında fərq var. Bir müəllim, xanəndə olaraq bunu görürsünüz?
– Pis müəllim yoxdur, pis tələbə ola bilər. Bütün müəllimlər mənim həmkarlarımdır. Müəllim dərsin keçir, tələbə isə öyrənən-öyrənir, öyrənməyənə isə istəyirsən gözünün yağını yedizdir, yenə də xeyri yoxdur. Allah rəhmət eləsin, bir dəfə kaman ifaçısı Habil Əliyevə sual verdilər ki, təzə oxuyanlar çıxır, siz onları necə qiymətləndirirsiniz? Habil müəllim sualı göydə tutdu, bildi, söhbət kimdən gedir. Onun oğlu təzə başlamışdı oxumağa, başa düşdü ki, jurnalist sualı onun onun oğluna görə verib. Dedi: “Qızım şadlıq evlərinə gedirsən, toylarda eyni tərkibli salatlar verirlər. Hamısı bir-birinə oxşayır, onların arasında bir salat var ki, hər kəs şadlıq evinin adını qoyur. Məsələn, filan şadlıq evi “kral” salatı ilə məşhurdur. Mən həmin oxuyanları həmin salatlara bənzədirəm, ondan biri də bizim evin içində var”. Habil Əliyevin bu sözündən sonra onun oğlu oxumağa son verdi. Doğrudan da oxumadı. Öyrənməyən tələbələrdən məndə də var. Öyrənənə can qoymuram, amma öyrənməyənə çox can yandırıram. Əvəzini də görmürəm. Pis müəllim yoxdur, ola da bilməz.
– Qarabağa edilən səfərlərə sizi də aparıblar?
– Bəli, Şuşaya dəvət aldım. Şuşanı gəzdim, Allah nəsib elədi, bayram namazını da orada qıldım. Həmişə arzusunda olmuşdum ki, Şuşanı görüm. Şuşanı heç vaxt görməmişdim. Allah nəsib eləsin bir də gedim. Mənim Şuşa haqqında mahnım var – “Can şuşalı qız”. Qismət olsa, ona orada klip çəkdirəcəyəm.
– Konsert vermək haqqında düşünürsünüz?
– Planımda yoxdur. Konservatoriyanın daxilində müəllim-tələbə birlikdə vermək olar. Dərslər açılsın, baxarıq.
Follow @7timesaz