Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azmedia.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə şahid qismində kənd sakini Tofiq Vəliyev ifadə verib.
O bildirib ki, yanmış meyit tapılan yerdə 7-8 kibrit çöpü olub: “Bunu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə hadisə yerinə və meyitə baxış keçirilərkən gördüm. Meyit tapılan günün ertəsi idi. Nərminin qohumlarının yanında idim. Çünki əmisi ilə dostluğumuz var. Hüquq-mühafizə orqanlarının işçiləri gəldi. Dedilər ki, meyitə, hadisə yerinə baxış keçirəcəyik, şahid lazımdır, amma qohum olmasın. Kənar adam olmalıdır. Mən getdim. Orada qırmızı köynək, 7-8 kibrit çöpü gördüm. Hətta dedim ki, bu çöplər əhəmiyyətli ola bilər. Çünki üstündə əl izləri ola bilər. Orada təxminən saatyarım olduq”.
Tofiq Vəliyev qeyd edib ki, həmin vaxt ona heç bir sənəd imzalatdırılmayıb: “Sonradan evdə olarkən sənəd gətirdilər. Mən oxumadan sənədi imzaladım”.
Tofiq Vəliyev sualları cavablandırarkən bildirib ki, gördüyü meyitin ölçüsü təxminən 1 metr 65-1 metr 70 santimetr olardı. Vəkillər isə deyib ki, hadisə yerinə baxış protokolunda orada cəmi 1 kibrit çöpünün tapıldığı göstərilib.
Bundan başqa, ittihamda iddia olunur ki, İlkin Süleymanov meyiti alışqanla yandırıb: “Hadisə yerinə baxış protokolunda oradan cəmi bir kibrit çöpü tapıldığı göstərilib. Digər kibrit çöpləri niyə yazılmayıb? Niyə araşdırılmayıb? Bu məsələ İlkinin o meyiti alışqanla yandırması haqda yazılanların da yalan olduğunu sübut edir”.
Məhkəmədə dindirilən daha iki nəfər kənd sakini – Rüstəm Süleymanov və Gündüz Əliyev uşaq itkin düşəndən az sonra Quliyevlərin evinə və onların evinin ətrafına polislərin keçirdiyi baxış zamanı hal şahidliyi ediblər. Onlar bildirib ki, Quliyevlərin həyətindən topa çəklində tük aşkarlanıb.
Nərminin atası Şərif Quliyevdən soruşanda o bildirib ki, qızı itkin düşməmişdən bir gün əvvəl əmisi qızının toyuna getmək üçün saçını kəsmişdi, həmin tükdür.
Şahidlərin sözlərinə görə, Qulievlərin evinin qarşısında, içində su olmayan arxın kənarındakı kolların üstündən ağ rəngli uşaq alt paltarı tapılıb. Həmin alt paltarı qanlı olub. Polislər bunu tapandan sonra Nərminin anasını çağırıblar. Lakin Aynurə İsmayılova alt paltarının onun qızına məxsus olmadığını deyib.
Məhkəmə iclasında iştirak edən Şərif Quliyev şahidlərin ifadələrinin doğru olduğunu təsdiqləyib.
Məhkəmədə vəkillərlə prosesə sədrlik edən hakim Dadaş İmanov arasında mübahisə yaranıb. Hakim bildirib ki, indiyədək dindirilmiş ekspertlər kifayətdir. Vəkillər isə deyib ki, onlar dekabr ayında əlavə şahidlərin dindirilməsi haqda qaldırdıqları vəsatətdə rəy vermiş bütün ekspertlərin dindirilməsi məsələsini qoymuşdular, o zaman vəsatətləri təmin edilmişdi.
Hakim Dadaş İmanov təklif edib ki, vəsatətləri yenidən versinlər, məhkəmə bir daha baxaraq qiymətləndirəcək.
Bununla vəkillər razılaşmayıb. Onlar bildiriblər ki, məhkəmə prosesi audioyazı ilə aparılır və orada vəsatətlərinin təmin olunması öz əksini tapmalıdır: “Protokollara baxın, audioyazıya qulaq qasın. Nəhayət, bizə vəsatətimizin təmin olunması haqda qərarı verin. Niyə biz yenidən eyni vəsatəti verməliyik?”
Qeyd edək ki, bu cinayət işində xüsusilə ekspert rəylərilə bağlı çoxsaylı ziddiyyətlər var. Ona görə müdafiə tərəfi ekspertlərin dindirilməsində israrlıdır.
Növbəti proses aprelin 19-da davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Follow @7timesaz