Arvadını çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirməkdə təqsirli bilinən Ramil Səfərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
7Times.az xəbər verir ki, Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə dindirilmiş Ramil Səfərov ifadəsində bildirib ki, sentyabrın 6-da qardaşıgildə olan qonaqlıqdan sonra həyat yoldaşı və uşaqları onlarda qalıb. Özü isə saat 21:00 radələrində yaşadığı evə qayıdıb.
Gecə saat 1 radələrində öz telefonunda vatsap-a daxil olub. Sahilənin gecə saatlarında həmin proqramda onlayn olması onu təəccübləndirib. Ayın 8-də işdən evə qayıdandan sonra arvadından telefonunu ona verməsini istəyib. Bu an Sahilə “Niyə verməliyəm ki? Nəyə baxacaqsan ki?” söyləyərək telefonu verməkdən imtina edib.
Lakin bir qədər sonra mobil tətbiqini silərək telefonu ona təqdim edib. O, həmin proqramı yenidən yükləyib və bir profil tərəfindən ona əxlaqsız şəkil göndərildiyini görüb. Həmin şəkillə mesajları Sahiləyə göstərib və sonra onu evdən qovub.
Araşdırıb həmin nömrənin anasının əmisi nəvəsinə məxsus olmasını öyrənib. Arvadının yad kişi ilə münasibətdə olmasını onun ailə üzvlərinə bildirib.
Ramil Səfəroov ifadəsinin davamında bildirib ki, sentyabrın 30-da ona Binəqədi rayon məhkəməsindən bildiriş gəlib. Məhkəməyə getsə də, qarşı tərəf ora gəlməyib.
Ayın 15-i səhər saat 7 ralərərində evdən çıxaraq Sahiləni görmək üçün “Mərkəz Binəqədi” adlanan əraziyə yollanıb. Arvadının uşaqları məktəbə apardığını bildiyindən dayanıb onun gəlməsini gözləyib. Qadın uşaqları məktəbə qoyub qayıdandan sonra küçədə ona yaxınlaşaraq cibindən bıçağı çıxarıb bədəninə çoxsaylı xəsarətlər yetirib.
“Qabağın kəsdim, tutdum yaxasından, başladı “köməy eləyin köməy eləyin” qışqırmağa, elə onda bıçağı vurdum, 4-5 dəfə sorası yadımda deyil. Bəlkə də desəydi ki, məni bağışla, bağışlayardım onu. Heç onu da demədi”.
Daha sonra Ramil Səfərov 1-2 metr aralıda dayanaraq “102” xidmətinə zəng edib arvadını öldürdüyünü deyib və polis bölməsinə gedərək könüllü təslim olub.
Məhkəmə iclasında Ramil Səfərov ittiham üzrə özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bilidirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.
Məhkəmə işdə olan sübutlara qiymət verərək hesab edib ki, Ramil Səfərov CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsənə adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir.
Sonda məhkəmənin hökmü ilə Ramil Səfərov 14 il müdətinə azadlıqdan məhrum olunub.“Ölkə.Az”