Rusiyanın Avropaya təbii qaz tədarükünü dayandırması bəzi ölkələri ciddi narahat edib.
Metbuat.az “Yenişafak” qəzetinə istinadən xəbər verir ki, bəzi ölkələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib. Onlar Ərdoğandan xahiş ediblər ki, Prezident Vladimir Putinlə görüş zamanı onu bəzi güzəştlər etməyə razı salsın. Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahid Kirişci Balkan ölkələrinin liderlərinin Ərdoğandan belə xahiş etdiyini təsdiq edib:
“Balkan ölkələrinin liderləri Ərdoğana “Xahiş edirik, Putinə deyin” dedilər. Yaxınlaşan qış günlərində bizim aldığımız yanacağımızı və təbii qazımızı kəsməsinlər”.
Qeyd edək ki, “Qazprom” Qərb ölkələrinə təbii qazın tədarükünü dayandırdığını açıqlayıb. Avropa Birliyi böhranı aradan qaldırmaq üçün 225 milyard avro dəyərində kredit ayıra biləcəyini açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitində iştirakı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Follow @7timesaz