Avropa Parlamenti Rusiyanın Polşa, Estoniya, Latviya, Litva və Rumıniya kimi Aİ və NATO üzv dövlətlərinin hava məkanını pozmaqla törətdiyi “məsuliyyətsiz və eskalasiyaedici hərəkətləri”ni qəti şəkildə pisləyən qətnamə qəbul edib.
7Times.az xəbər verir ki, parlament üzvləri həmçinin Danimarka, İsveç və Norveçdəki kritik infrastruktura qarşı məqsədlyönlü PUA hücumlarını da qınayıb.
Avropa Parlamentinin üzvlərinin sözlərinə görə, bunlar Rusiyanın “Aİ və onun üzv dövlətlərinə qarşı sistematik hərbi və hibrid müharibəsinin və təxribatlarının” bir hissəsidir.
Qətnamədə qeyd olunur ki, Polşa, Estoniya və Rumıniyanın hava məkanında baş vermiş bu hadisələrə görə tam və birmənalı məsuliyyət Rusiyanın üzərinə düşür.
Parlament üzvləri, Aİ-nin “PUA divarı” konsepsiyasını və “Şərq Cinahı Nəzarət” təşəbbüslərini alqışlayır, eyni zamanda, Aİ-nin cənub cinahında birbaşa təhlükə ilə üzləşən bütün üzv dövlətləri əhatə edən hərtərəfli müdafiə tədbirlərinin vacibliyini vurğulayırlar.
Onlar hesab edirlər ki, Rusiyanın Aİ-yə qarşı həyata keçirdiyi diversiya və hibrid fəaliyyətlərin miqyası dövlət tərəfindən maliyyələşdirilən terrorizm səviyyəsinə çatır, baxmayaraq ki, bu fəaliyyətlər silahlı hücum fazasına daxil olmayıb.
Qətnaməyə əsasən, Aİ iradə nümayiş etdirməli və hər hansı üçüncü dövlətin üzv dövlətin suverenliyini pozmaq cəhdinə dərhal cavab verəcəyini açıq şəkildə göstərməlidir. AP üzvləri həmçinin Şuraya və Komissiyaya Rusiyaya qarşı sanksiyaların effektivliyini və təsir gücünü artırmaq çağırışı edirlər ki, bu da Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini davam etdirmək imkanlarını tamamilə zəiflədəcək.
Cəza tədbirləri Belarus, İran və Şimali Koreya kimi Rusiyanın fəaliyyətlərinə dəstək verən bütün dövlətləri də əhatə etməlidir.
AP üzvləri həmçinin dron və raketlərin istehsalı üçün zəruri olan komponentlər və hərbi avadanlıq təmin edən Çin şirkətlərinə qarşı da sanksiyaların tətbiqini müdafiə edirlər.
AP üzvləri təcili şəkildə “Avropa Müdafiə İttifaqı”na doğru irəliləməyin vacibliyini vurğulayırlar.
Qəbul olunmuş qətnamə müdafiə sahəsində, xüsusilə PUA texnologiyası və əks tədbirlər istiqamətində Ukrayna ilə əməkdaşlığın əhəmiyyətli dərəcədə gücləndirilməsini tələb edir. Həmçinin, Avropa Müdafiə Sənaye Proqramı (EDIP) üzrə qanunvericiliyin tez bir zamanda yekunlaşdırılmasına çağırır. Bu proqram, “Avropanın Təhlükəsizlik Fəaliyyəti” (SAFE) ilə birlikdə, Ukraynadan öyrənmək və Ukraynanı pilotsuz hava vasitələri (PUA) müharibəsi sahəsində dəstəkləmək məqsədilə maliyyə resurslarının səfərbər edilməsinə yönəldilməlidir.
Qətnamə 469 lehinə, 97 əleyhinə və 38 bitərəf səslə qəbul olunub.
APA