Avropalı ravvinlər Ermənistan hökumətinin Azərbaycanın Qarabağda yaşayan ermənilərə münasibətini yəhudilərin üzləşdiyi Holokostla müqayisə etməsi ilə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyana məktub ünvanlayıb.
7Times.az xəbər verir ki, məktubu Fransa, Böyük Britaniya və Almaniya daxil olmaqla, Avropa ölkələrindən olan 50 ravvin imzalayıb.
Onlar hər hansı siyasi məqsədlərə nail olmaq naminə erməni təbliğatının Holokost mövzusundan istifadəsinə dərhal son qoyulmasını tələb ediblər.
“İkinci Dünya müharibəsi zamanı yəhudi xalqı təqiblərə, işgəncələrə məruz qalıb, öldürülüb və s. Holokost hər hansı bir ölkə ilə məhdudlaşmayıb, demək olar ki, bütün Avropa qitəsində baş verib. “Getto”, “soyqırımı”, “holokost” və digər sözləri, şübhəsiz ki, hər hansı siyasi mübahisədə istifadə olunan jarqonun bir hissəsinə çevirmək yersizdir”, – məktubda qeyd edilib.
Ravvinlər vurğulayıblar ki, bu terminlərin istifadəsi Holokost qurbanlarının yaşadıqları dəhşətli iztirablara kölgə salır: “Yəhudi xalqı hələ də tarixin ən böyük faciəsinin sözlə ifadə edilə bilinməyəcək ağrısını yaşayır”.
Bildirilib ki, bu məktubu Ermənistan xalqını təmsil edən bütün aidiyyəti dövlət qurumları nəzərə almalıdır.
Din xadimləri Ermənistanın İranla əməkdaşlığından məyus olduqlarını da vurğulayıblar: “Ermənistan hökumətinin daim açıq şəkildə İsraili məhv etməyə çağıran İran İslam Respublikasının hakimiyyət orqanları ilə əməkdaşlığından dərin məyusluğumuzu bildirmək istərdik”.
Qeyd edək ki, son günlərdə Avropa və ABŞ-dan olan 20-dən çox ravvin, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən yəhudilərin dini KİV-ləri artıq erməni təbliğatının Azərbaycan əleyhinə Holokost mövzusundan istifadəsinə qarşı çıxıblar.
Follow @7timesaz