Neftçala rayonunda 1972-ci il təvəllüdlü Ziya ailə münaqişəsi zəminində arvadı Ayselə (adlar şərti verilib – red.) illərlə işgəncə verib, nəticədə qadın özünü öldürüb.
7Times.az teleqraf.com-a istinadla bildirir ki, Ziya 17 oktyabr 1994-cü ildən rəsmi nikah əsasında ər-arvad münasibətində olmaqla ondan maddi və mənəvi cəhətdən faktiki asılı vəziyyətə düşmüş arvadı Ayselin 1995-ci ilin yay aylarından başlayaraq ailə münaqişəsi zəmində Neftçala rayonunun Xəzər kəndində yerləşən evdə ona qarşı nalayiq ifadələr işlədib, ləyaqətini mütəmadi alçaldıb və bədəninin müxtəlif nahiyələrinə vuraraq zor tətbiq edib. O, arvadına qarşı amansız rəftar edib, siqaretin közlərini bədəninin səthinə basıb.
Həmçinin 7 oktyabr 2023-cü ildə saat 22 radələrində həyətdə Ayselin bədəninin müxtəlif nahiyələrinə vurub.
Aysel 10 oktyabr 2023-cü ildə səhər saatlarında yaşadığı evin hayətindəki metal borudan təsərrüfat ipi ilə özünü asaraq intihar edib. Ölümündən sonra Ayselin yataq otağında aşkar olunmuş kağız parçasında ölümündə Ziyanı günahkar çıxarıb. Digər məktubda isə balalarından onu bağışlamağı istəyib, alının açıq olduğunu qeyd edib.
İstintaq orqanı tərəfindən Ziyanın barəsində Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziya ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəsmən heç bir yerdə işləmir, kənd təsərrüfatı ilə məşğul olur: “17 oktyabr 1994-cü ildə Aysellə rəsmi nikaha girmişəm. Birgə nikahdan 1995-ci ilin təxminən yay aylarında kənd xəstəxanasında qız övladımız dünyaya gəldi. İki-üç gün xəstəxanada qaldıqdan sonra evə gətirdiyimiz uşaq saatlar keçmiş qızdırma xəstəliyindən vəfat etdi. Birgə nikahdan 1997 və 2003-cü illərdə daha iki övladımız doğuldu”.
“Arvadımı döyüb söymüşəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, 1995-ci ildə “ayaq açdı” zamanı çöldə heyvan otardığı üçün arvadı icazə almadan onun valideyinləri ilə birlikdə atası evinə getdiyinə görə aralarında mübahisə düşüb: “Bu hadisə mənə çox pis təsir etdi. Hər dəfə yadıma düşəndə Aysellə mübahisə edirdim. Əsəbləşədiyim üçün onu döyürdüm. Bunu qəbul edə bilmirdim.
Məndən icazəsiz getdiyinə görə 1995-ci il tarixdən etibarən mütəmadi olaraq, yəni hər dəfə hadisə yadıma düşəndə arvadımı döymüşəm, söyüb təhqir etmişəm. Son zamanlar da bu səbəbdən aramızda münaqişələr olub.
Oğlum Vəli 2023-cü ildə qanunsuz erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən terror təxribatları nəticəsində yaralandığı üçün məzuniyyətə buraxıldı və yaşadığımız evə gəldi. Vəli evə gəldiyi üçün digər oğlum Vüsal da gəldi”.
“Qayınanama nifrət edirdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, qaynanası Səmayə, baldızları, baldızı oğlu və kürəkəni Vəlini görməyə gəliblər: “Həmin vaxt qaynanam Səmayə ilə ümumiyyətlə görüşmədim. Digərləri ilə sadəcə salamlaşaraq evdən çıxıb kənd ərazisinə getdim. Qaynanam atam Yavər rəhmətə gedəndə yas mərasiminə gəlmədiyinə görə heç vaxt onun bizə gəlməyini istəmirdim.
Qaynanama münasibətim yaxşı deyildi. İki dəfə ailə qurduğuna görə ona içimdə nifrət vardı. Bununla bağlı da arvadım Ayseli döyüb-söyür, təhqir edirdim.
Oğlum Vüsala zəng vurub qaynanamgilin getdiyini öyrənəndə evə qayıtdım. Evdə arvadımla mübahisə etməyə başladıq. Ondan anasının nə səbəbə mərhum atamın yas mərasiminə, eləcə də övladlarım Vəli və Vüsal hərbi xidmətə gedib-gələn zaman təşkil olunan məclislərə gəlmədiyini, indi yadına düşdüyünün soruşdum. Həmin vaxt Vəli və Vüsal evdə olduğu üçün Ayseli vurmadım”.
“Oğlum yatandan sonra arvadımı həyətə çağırdım”
Ziyanın sözlərinə görə, həmin gün təxminən saat 22 radələrində Vüsal evdən kənd ərazisinə tanışları ilə görüşmək üçün çıxıb, Vəli isə xəstə olduğuna görə Aysel onun kürəyinə banka qoyub:
“Vəli yatdıqdan sonra Ayseli evin həyətinə çağırdım. Əsəbim keçmədiyinə görə yenə də anası Səmayənin nə səbəbə bizə gəldiyini soruşdum, ayağına təpiklə vurdum. Əsəbi olduğuma görə daha hansı nahiyələrinə zərbələr vurduğumu xatırlamıram.
Ayselinin anasının və özünün ünvanına söyüşlər də söydüm. O da vurduğum üçün ağladı. Vüsal həyətə girəndə döyməyi dayandırdım. Vüsal üstümə gələrək nə səbəbə anasını döyməyimi soruşdu və qardaşı Vəlini oyatdı. Onlar analarını bir daha döyməməyimi xahiş etdilər”.
“Arvadımın özünü öldürdüyünü gördüm”
Ziya bildirib ki, oktyabrın 8-də və 9-da hər dəfə anası Səmayənin onlara gəldiyi yadına düşəndə Aysellə mübahisə edib, övladları evdə olmayanda onu döyərək təhqir edib:
“Hadisə olmamışdan əvvəlki gün, yəni oktyabrın 9-da yerimdə uzanmışdım. Ayseldən bir stəkan çay istədim. Çayı içdikdən sonra təxminən saat 00.30-da yatdım. Oktyabrın 10-da saat təxminən 10 radələrində yuxudan oyandım. Evdə heç kimin olmadığını görəndə arvadımı çağırmağa başladım.
Həyətə çıxanda arvadımın evin həyətində dəmir borudan özünü iplə asaraq öldürdüyünü gördüm. Dərhal Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Xəzər kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəsinə məlumat verdim. Nümayəndə mənə polis və prokurorluq işçilərinə xəbər verəcəyini dedi. Ayseli ipdən açmadım, hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözlədim”.
Ziya qeyd edib ki, evə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər: “Meyitin daxili müayinə olunması üçün Neftçala Rayon Mərkəzi Xəstəxanasına apardılar. Sonradan oğlum Vəli və Vüsalın həmin gün saat 4 radələrində evdən getdiklərini öyrəndim”.
Ziya ifadəsində göstərib ki, intiharda özünü təqsirli bilir: “Aysel dəfələrlə döyülərək təhqir olunduğu üçün dözməyərək intihar edib. Son zamanlar onunla aramızda tez-tez mübahisələr olurdu. Sonuncu dəfə oktyabrın 7-də ana-bacısının ünvanına nalayiq söyüşlər söydüyümə və onu döydüyümə görə intihar edib.
Aysel əvvəllər özünü öldürməyə cəhd etməyib, hər hansısa psixi xəstəlikdən əziyyət çəkməyib. Evdar qadın kimi əmək fəaliyyəti ilə məşğul olmayıb. Gündəlik ev ehtiyaclarını həmişə özüm təmin etmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, Ayselin bədən nahiyəsinə heç vaxt siqaret közləri basmayıb, xəsarətlərin hansı şəraitdə yaranması barədə məlumatlı deyil: “Mən arvadıma açıq geyinməyə icazə verməmişəm. Ona görə də həmişə qapalı geyinirdi. Mübahisə etmişik, onu döymüşəm, amma heç vaxt sinə və qol nahiyələrinə siqaret közləri basmamışam. İcazəm olmadan Aysel evdən heç bir yerə çıxmayıb”.
“Bu, yalandır”
Təqsirləndirilən şəxs qeyd edib ki, iş üzrə dindirilən Ayselin qohumlarının ifadələrində ilk övladı ilə bağlı göstərdikləri tamamilə yalandır: “İlk övladımz qız olsa da, onu yastıqla boğaraq öldürməmişəm. Belə bir hal baş verməyib.
10 oktyabr 2023-cü ildə hadisə yerinə, yəni yaşadığım evə iştirakımla baxış zamanı yataq otağında rəfin üzərində bir büküm marixuanaya bənzər kütlə aşkar edildi. Narkotik vasitə mənə məxsusdur, lakin onu haradan əldə etməyimi xatırlamıram.
Əvvəllər narkotikdən istifadə etsəm də, son zamanlar bunu tərgitmişəm. Toylarda, məclislərdə spirtli içki içirəm”.
“İki dəfə ailə qurmuşam”
İş üzrə zərərçəkmişin hüquqi varisi, anası Səmayənin sözlərinə görə, Aysel doğma qızıdır: “O, əri Ziya ilə birlikdə Neftçala rayonunun Xəzər kəndində yaşayıb. Onların övladları – Vəli və Vüsal işlədikləri üçün başqa ünvanlarda məskunlaşmışdılar.
Vəli hərbçi olduğuna görə Gəncədə, Vüsal fəhlə işlədiyi üçün Bakı şəhərində qalırdı. Onlar istirahət vaxtlarında bir müddət ata-anaları ilə yaşayırdılar. Qızımın evilə mənim evim arasında təxminən 8 kilometr məsafə var. Ziya və ya ailə üzvləri ilə hər hansıədavət və ya düşmənçiliyimiz olmayıb. Qızım evdar qadın idi”.
Hüquqi varis qeyd edib ki, iki dəfə ailə həyatı qurub: “Birinci dəfə təxminən 1958-ci ildə ailə həyatı qurmuşam. Birgə nikahdan 2 qız övladım dünyaya gəlib. Ərim rəhmətə getdiyindən sonra, 1970-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuşam. Həmin münasibətdən də üç övladım olub.
Birinci ərim mənimlə evli olduğu müddətdə başqa qadınla da ailə quruğundan həmin nikahdan da 1961-ci il təvəllüdlü övladı dünyaya gəlib. Həmçinin digər ərim də başqa bir qadınla ailə qurub, onun da həmin nikahdan 5 övladı var. Övladlarımız ögey və doğma olsalar da, aralarında həmişə mehriban münasibətlər olub”.
“Qız övladını öldürdü”
Səmayənin sözlərinə görə, qızı Aysel 1994-cü ildə Ziya ilə ailə həyatı qurub: “Qızım ailə qurduqdan sonra əri tərəfindən mütəmadi işgəncəyə məruz qalır, dəfələrlə heç bir səbəb olmadan döyülürdü. Ümumiyyətlə Ziya tüfeyli həyat keçirirdi, spirti içki aludəçisi, narkotik istifadəçisi idi.
Birinci övladı qız olduğuna görə Ziya dəqiq xatırlamadığım tarixdə 2-3 günlük qız övladını Ayselin gözü önündə ağzına yastıq basaraq öldürdü. Uşağı öldürdükdən sonra qızımı döyərək hədələdiyindən o da qorxusundan heç kimə heç nə deyə bilmədi. Bu barədə kənddə yaşayan hər kəsin məlumatı var. Amma hüquq-mühafizə orqanlarına məlumat verilmədi.
Hətta Ziya boğaraq öldürdükdən sonra uşağı bəlkə həkim müdaxiləsindən sonra dirilə bilər deyə xəstəxanaya da apardım. Orada həkimlər uşağın artıq öldüyünü bildirdilər”.
“Qızımın sinəsində izləri görmüşəm”
Hüquqi varis deyib ki, Aysel dəfələrlə döyülməsi, işgəncə görməsi səbəbindən dözə bilmədiyi üçün özünü asaraq öldürüb: “Qızım evləndiyi gündən əri tərəfindən döyülüb. Mən və digər övladlarım Ayselin döyülməsi nəticəsində üzündə, bədənində olan xəsarətlərini dəfələrlə görmüşük.
Ziya qızımı mənimlə və digər övladlarımla münasibət qurmağı qadağa eləmişdi. Qızım bizimlə adi görüşüb salamlaşanda belə dərhal əri onu döyüb təhqir edirdi. Mən dəfələrlə qızımdan boşanmasını, ərindən şikayət etməsini tələb etsəm də, qorxduğu üçün bundan boyin qaçırırdı. Hətta oğlumla qızım qonşu olsalar da, görüşüb salamlaşa bilmirdilər. Çünki görüşüb salamlaşanda Ziya qızımı döyürdü.
Təxminən 10 il əvvəl Ziya qızım Ayseli küçədə döymüşdü, qonşuluqda yaşayan ögey oğlum buna dözməyərək Ziyanın dişlərini sındırmışdı. Bunu oğlum da təsdiq edə bilər.
Ziya qızıma işgəncə verərək sinəsinə və bədənin hissələrinə siqaret közləri basaraq xəsarət yetirmişdi. Mən dəfələrlə qızımın sinəsində həmin izləri görmüşəm”.
“Bunu deyə bilmirəm”
Səmayənin sözlərinə görə, əri təxminən 10 il bundan öncə vəfat edən zaman Ziya qızı Ayseli yas mərasiminə getməyə qoymayıb, dəfn mərasiminə 1 saatlıq gəldiyi üçün onu döyüb: “Aysel toy, yas mərasimlərində, eləcə hardasa bir yerdə bacı və qardaşları ilə ərinin qorxusundan görüşə bilmirdi. Qorxusundan əli ilə görüşməməyi, uzaq getmələrini işarə edirdi.
Mən və digər övladlarım qızımgilə gedə bilmədiyimizdən konkret olaraq onun nə vaxt, hansı şəraitdə döyüldüyünü, işgəncə verildiyini deyə bilmirəm”.
Hüquqi varis deyib ki, qızı Aysel övladlarına görə Ziyadan boşana bilməyib, şikayət də etməyib: “Çox çarəsiz durumda qalmışdı. Ziya qızımı heç bir səbəb olmadan əsassız yerə, adi şeylərin üstündə təhqir edir, döyür, siqaretin yanmış közünü bədəninə basaraq söndürürdü. Bundan zövq alaraq gülürdü.
Qızım bu təhqir və işgəncələrdən bezib, özünü asaraq intihar edib”.
“Qızımı döydüyünə, işgəncə verdiyinə əminəm”
Səmayənin sözlərinə görə, hadisədən əvvəl nəvəsi Vəlinin yanına getmək qərarına gəliblər: “Ziyanın qızımın günün qara edəcəyini bildiyimiz üçün əvvəl getmək istəməmişik. Amma nəvəmin döyüşdən sağ-salamat gəlməsinə sevinirdik. Evdə dayana bilmədik.
Yaşlı adam olduğumdan ölməyimdən ehtiyat edərək “lənət şeytana” deyib onlara getdim. Oraya gedəndə Ayselin üzündə heç bir xəsarət yox idi. Lakin geyimi köhnə və səliqəsiz, özü də həmişəki kimi çox kefsiz idi.
Həyətə girəndə əri Ziya ilə birlikdə otursa da qızım bizimlə görüşmək üçün qarşılamağa gəlmədi. Ziyanın Ayseli mənimlə görüşməsinə yenə icazə vermədiyini başa düşdüm. Ziya özü də bizimlə görüşməyərək oradan uzaqlaşaraq getdi.
Onlarda bir müddət oturduqdan evə qayıtdıq. Mən getdikdən sonra Ziyanın qızımı döydüyünə, işgəncə verdiyinə əminəm. Qızımın meyitinə baxmışam, sifətində xəsarət olduğunu görmüşəm”.
“Həm qorxub, həm də utanıb”
Hüquqi varis deyib ki, Ayselin üzündə isə heç bir xəsarət izi olmayıb: “Bədənində hansı xəsarətlərin olmasını qızım qapalı paltar geyindiyinə görə bilməmişik. Sifətində olan xəsarəti biz Ziyanın evindən qayıdandan sonra döyərək yetirib.
Qızım 10 il əvvəl əri Ziya tərəfindən döyülməsi, ondan boşanması və ya digər səbəbdən polis şöbəsinə və ya məhkəməyə müraciət etmişdi. Lakin sonradan barışdılar. Ərim rəhmətə gedənə kimi bir neçə dəfə acıq edib bizə gəlmişdi.
Aysel bizim evə gəlməyə həm qorxur, həm də utanırdı. Gəlin paltarı ilə getdiyi evdən yalnız kəfənlə çıxa biləcəyini düşünürdü. Tək çarəni özünü öldürməkdə gördü”.
Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ziya 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Follow @7timesaz