“Adi bir dialoqu qalmaqal səviyyəsində təqdim edənləri heç cür anlaya bilmirəm.”
7Times.az yazır ki, bunu Xalq artisti, müğənni Nazpəri Dostəliyeva ilə aralarında yaşanan gərginliyə aydınlıq gətirərkən uzun müddətdir ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa və aparıcı Aysel Nazim Yenicag.az-a açıqlamasında deyib.
Aysel verilişlərin birində qonaq olarkən müğənni ilə aralarında olan dialoqun şişirdilib qalmaqal səviyyəsində təqdim olunduğunu bildirib:
“Son günlər hara gedirəm soruşurlar, Aysel, Nazpəri xanımla aranızda yaşanan qalmaqalın səbəbi nədir? O, səni efirdə niyə susdurub? Bu sözləri Nazpəri xanıma qətiyyən aid etmirəm, amma məni heç kim susdura bilməz. Çünki şükür Allaha, heç kimin yanında gözüm kölgəli deyil ki, kiminsə qarşısında susum. Nazpəri xanımın mənim yaşım qədər sənət təcrübəsi var. Sevilən sənətkarımızdır. Xanımlığını da, səsini də həmişə bəyənmişəm. Özünə də böyük hörmətim var. Adi bir dialoqu qalmaqal səviyyəsində təqdim edənləri heç cür anlaya bilmirəm. Verilişlərin birində bərabər qonaq idik. Onun mənim Türkiyədəki fəaliyyətimdən xəbəri yox idi, mənə sual verdi, mən də açıqlama gətirdim. Hər kəs bilir ki, mən 10 ildir ki, qardaş ölkədə yaşayıram və yaradıcılıq fəaliyyətimi orada davam etdirirəm. Onun sualına da cavab olaraq dedim ki, mən Türkyədə boş oturmamışam, gördüyüm işlərdən danışdım. İnşallah yeni verilişimə də ilk olaraq Nazpəri xanımı dəvət edəcəm, görəcək ki, mən hansı işləri görürəm”.
Aktrisa bir məsələyə də aydınlıq gətirib:
“Çoxları məndən soruşur ki, Aysel ailə həyatı qurduğun üçün Azərbaycandan getmisən? Mən başqaları kimi ərə gedib evdə oturmamışam. Mən işimlə, fəaliyyətimlə bağlı dəvətləri dəyərləndirib həmin ölkəyə getmişəm. Gördüyüm işlər də göz qabağındadır, bilməyənlər də girib internetdə araşdırıb görsünlər, 13 illik aktrisalıq və aparıcılıq fəaliyyətimdə hansı işləri görmüşəm. Bəziləri kimi yalandan, boş-boş şəxsi həyat, villa, bağ, avtomobil markası barədə danışmaq üçün efirlərə çıxmamışam. Filankəs filan maşını aldı, filankəslə eşq yaşadı, kimə söz atdı, bunlar mənlik deyil. Belə gündəm sənəti olmayanlara aiddir”.
Follow @7timesaz