Ölkə

Azərbaycandakı bəzi siyasi partiyalar üzvlərinin sayını açıqlayıb – SORĞU

Azərbaycandakı bəzi siyasi partiyalar üzvlərinin sayını açıqlayıb – SORĞUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin varinatında qeyd edilib ki, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olmalıdır.

Maraqlıdır, hazırda Azərbaycanda dövlət qeydiyyatından keçmiş siyasi partiyaların neçə üzvü var?

“Report” bu sualla bağlı bir neçə siyasi partiyanın mövqeyini öyrənib.

Bu yaxınlarda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, YAP sıralarında 800 000-ə yaxın insan var.

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli sonuncu dəfə rəhbərlik etdiyi partiyanın üzvlərinin bir il bundan əvvəl uçota alındığını bildirib:

“Həmin uçota əsasən, 17 000-dən çox üzvümüz var. Ancaq partiyanın ən çox üzvü 2003-cü ildə olub. Hətta partiya üzvlərinin sayı 27 minə də yaxınlaşıb. Ancaq onları anketləşdirə bilməmişdik. Son iyirmi ildə partiyalarda aşınma gedib. Yalandan deməklə deyil ki”.

Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını müsbət qiymətləndirir: “BAXCP yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim edib. Hazırda qüvvədə olan qanun 30 il bundan öncə hazırlanıb. Bu müddət ərzində baş verən proseslərdə kifayət qədər dəyişikliklər olub. Ona görə də hesab edirik ki, bu gün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var. Yeni layihədə dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olması ilə bağlı tələb də öz əksini tapıb. BAXCP ölkənin çox güclü müxalifət partiyalarından biridir. Partiyanın 70-dən artıq rayon şöbəsi fəaliyyət göstərir. Hazırda üzvlərimizin sayının dəqiqləşdirilməsi aparılır. Ancaq partiyanın bu gün həmin 10 min nəfərlik siyahını müvafiq qurumlara təqdim etməklə bağlı potensialı var. Biz 10 mindən də çox üzvümüzün olması ilə bağlı siyahını təqdim edə bilərik”.

Uzun illər Milli Məclisin sabiq deputatı Xanhüseyn Kazımlının rəhbərlik etdiyi, Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) indiki sədri Əsli Kazımova qeyd edib ki, hazırda partiyanın 30 000-ə yaxın üzvü var.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qeyd edib ki, partiyanın 81 bölgə, 1 Muxtar Respublika təşkilatında 19 783 nəfər üzvünün ərizəsi var.

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli yeni qanun layihəsində siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün üzvlərin sayının çox yüksək qeyd edildiyini deyib: “Layihədə bu tələb 1 000 nəfərdən 10 000 nəfərə qaldırılır. Bəs, təsisçinin 200 nəfərədək yüksəldilməsi nə deməkdir?”

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, yeni qanun layihəsi hazırlanan zaman qeydiyyatla bağlı tələbdə üzvlərin sayının 7-10 min olmasını təklif edib: “Bəzi partiyalar da bu təkliflə çıxış etmişdilər. Mən bu rəqəmin tərəfdarıyam. Bununla bağlı bizim kifayət qədər resurslarımız var və hər hansı bir çətinliklərin olacağını gözləmirəm“.

Tural Abbaslı bildirib ki, sədri olduğu Ağ Partiyanın yeni qanun layihəsində göstərilən tələblərlə bağlı heç bir problemi yoxdur:

“Biz narahat deyilik. Ancaq biz partiyanın qeydiyyatı ilə bağlı bu qədər rəqəmin tələb kimi qoyulmasını uyğun hesab etmirik. Partiyanın tələb kimi qoyulan rəqəmdən artıq da üzvümüz var. Bu gün bəlkə də Azərbaycanda yeganə partiya bizik ki, hər həftə kifayət qədər üzvlüyə qəbullarla bağlı müraciətlər olunur və partiya sıralarına həmin şəxlər qəbul edilir. Bizim sayla bağlı problemimiz yoxdur”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə partiyanın 30 000-dən çox üzvü olduğunu bildirib: “AMİP ilk rəsmi dövlət qeydiyyatından keçmiş partiyadır. Ancaq yenə də partiya üzvlərimizin sayı ilə bağlı monitorinq keçiriləcək və dəqiqləşdirmə aparılacaq”.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə deyib ki, hazırda partiyanın 89 000 üzvü var:

“Qeydiyyatla bağlı hesab edirəm ki, 10 000 nəfərlik tələb çox azdır. Bu rəqəm gərək 50-60 min olardı”.