“8 Noyabr – Zəfər Günü türk dünyasında coşqu ilə qeyd olunmalıdır”.
Bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından olan (CHP) deputatı Uğur Bayraktutan bildirib. Onun sözlərinə görə, Azərbaycanın zəfəri türk dünyasının zəfəridir və bu gün düşmənlərimizə göz dağıdır:
“Qardaş Azərbaycanın güclü olması düşmənin canına qorxu salır, Türkiyə kimi dostlarını isə sevindirir. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu zəfər həm də bizim zəfərimizdir.
Azərbaycanın 30 il sonra öz torpaqlarını işğaldan azad etməsi bizi qürurlandırır. Azərbaycanın zəfəri onun gücünü göstərdi. Biz qardaşlarımızın ay-ulduzlu şanlı bayraq altında barış və hüzur içərisində, eyni zamanda, dosta güvən, düşmənə göz dağı verəcək şəkildə yaşayacaqlarına inanırıq. Türkiyədə müxalifət də, iqtidar da azərbaycanlı qardaşlarımızın yanındadır”.
Deputat bildirib ki, Türkiyə zəfərin olacağına həmişə inanıb:
“Qarabağ torpaqları 30 ilə yaxın əsarət altında idi. Erməni zülmü altında inləyən bu torpaqların bir gün azadlığına qovuşacağına ürəkdən inanırdıq. Azərbaycanın mövqeyinin haqlı olması onun qələbəsində çox böyük rol oynayıb. Bu zəfəri bütün türk dünyası üçün önəmli bir hadisə kimi qiymətləndiririk. Qarabağ torpaqlarını qanı ilə azad etmiş şəhidlərin qarşısında baş əyirik. Azərbaycan Ordusu cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarını Qarabağdan qovdu. Bu dünyada bəlkə də heç bir ordunun edə bilməyəcəyini Azərbaycan Ordusu etdi. Qarabağın işğaldan azad edilməsi digər ərazisi işğal altında olan xalqlar üçün nümunədir”.
CHP-li deputat Azərbaycanın Qarabağ zəfərindən sonra regionda yeni geosiyasi vəziyyət yaratdığını söyləyib. Onun fikrincə, bu zəfər həm də Azərbaycan-Türkiyə qardaşlığını möhkəmləndirib:
“Azərbaycan və Türkiyə qardaşdır. Axıra qədər də belə olacaq. Heç bir ölkənin dostluğu Azərbaycan ilə Türkiyənin münasibətlərinə bənzəmir. İndiyədək Azərbaycana 6-7 dəfə səfərim olub. Bu səfərlər zamanı Azərbaycanda bizə olan sevgini, qayğını görmüşəm. Qardaş ölkənin inkişafı bizi qürurlandırır. Sevinirik ki, qardaşlarımız rifah içində yaşayırlar.
Mən Zəfər Günü münasibətilə başda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, bütün azərbaycanlı qardaşlarımızı ürəkdən təbrik edirəm. Yolları, bəxtləri açıq olsun! Azərbaycanlıları sevirik. Sonsuza qədər yaşa Azərbaycan!”.
Sonda Zəngəzur dəhlizindən söz açan U.Bayraktutan Türkiyənin bu məsələdə Azərbaycanın yanında olduğunu bildirib.
“Azərbaycan nə istəyirsə, Türkiyə onu dəstəkləyir. Azərbaycanın qazandığı uğur həm də türk dünyasının uğurudur. Azərbaycanın dəhlizin açılması ilə bağlı mövqeyini cənab Prezident İlham Əliyev bütün platformalarda dilə gətirib. Biz də Türkiyə olaraq prosesi yaxından izləyirik. Bu məsələdə Türkiyə və Azərbaycanın mövqeyi birdir. Başqa cür ola da bilməz”, – CHP-li deputat vurğulayıb.
Follow @7timesaz