Bakıda balçılar arasında dava düşüb.
7Times.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, dava Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında təşkil olunan bal yarmarkasında yer üstündə baş verib. İddiaya görə, balçılardan biri digərinin bron etdiyi yeri pulla alıb.
Məsələ ilə bağlı “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yer üstündə baş verməyib.
“Dava səyyar bal ticarəti ilə yarmarka iştirakçıları arasında yaranıb. Yarmarkanın önündə uyğunsuz bal satanlar var. Onlar nə yarmarkadan, nə də AQTA-nın yoxlanışından keçiblər. Həmin şəxslər alıcıları yarmarkadan bal almamağa təşviq edib, içəridəki balın keyfiyətini onlara pisləməyə çalışıblar. Bu səbəbdən də, yarmarkada iştirak edən balçılarla səyyar satıcılar arasında mübahisə yaranıb.
Daha sonra mübahisə böyüyüb və davaya çevrilib. Əraziyə polis cəlb olunub və vəziyyətə müdaxilə edib. Dava zamanı xəsarət alan olmayıb.
Yarmarkanın gedişatına mane olan şəxslərlə bağlı polis əməkdaşlarına müraciət edilib. Hazırda polis əraziyə nəzarət edir” – deyə qurumun sözçüsü bildirib.
Qeyd edək ki, paytaxtda bal yarmarkası 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətə başlayıb. Yarmarka oktyabrın 20-dək davam edəcək (BAKU.WS).
Həmin görüntüləri təqdim edirik:Redaktor.az