Aprelin 4-də saat 21 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin dəmir qəbulu məntəqəsində 1972-ci il təvəllüdlü Babayev Şahin Qələndər oğlunun idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan 7times.az-a verilən məlumata görə, qeyd edilən dəmir qəbulu məntəqəsində Mehdiyev Zeyqəm Mehdi oğlu tərəfindən idarə edilən stasionar qaldırıcı kran vasitəsilə iri həcmli dəmir parçaları daşınan zaman həmin əraziyə gəlmiş Cəmiyyətdə xidməti müqavilə əsasında sürücü kimi işləyən Şahin Babayevin idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin üzərinə dəmir parçasının düşüb. Nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. modern.az
Follow @7timesaz