Dünya

Bayden Putini telefonda hədələyib: “Böyük bədəl ödəyəcəksiniz”

Bayden Putini telefonda hədələyib: “Böyük bədəl ödəyəcəksiniz”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə bir saatlıq telefon danışı>; zamanı deyib ki, Rusiyanın Ukraynaya müdaxiləsinə qəti və çevik cavab veriləcək. O, həmçinin Putinə xəbərdarlıq edib ki, bu addıma görə Rusiya böyük bədəl ödəyəcək.

 

Vaşinqton və müttəfiqləri Ukrayna yaxınlığında cəmlənmiş Rusiya qüvvələrinin hər an hücum edə biləcəyi barədə xəbərdarlığından bir gün sonra iki prezident hərbi əməliyyatların qarşısını almaq üçün telefonla danışıb. Bayden administrasiyasının yüksək vəzifəli rəsmisi telefon danışıqlarının ətraflı olduğunu desə də, danışıqların hər hansı konkret nəticəyə gətirib çıxarmadığını deyib.

Rusiyanın Ukrayna yaxınlığında hərbi fəallığını artırması hecum qorxusunu artırıb. Rusiya isə belə bir planlarının olduğunu inkar edir. Kreml prezidentlərin telefon danışığından sonra da Qərbi əsassız şüyiələrdə ittiham edib. Rusiya hakimiyyəti iddia edir ki, onların Ukraynaya hücum etmək kimi bir planları yoxdur və Qərb bilərəkdən yalan məlumatlar yayır.

Bayden Putinə deyib ki, Birləşmiş Ştatlar diplomatiyaya hazır olduğu kimi, bütün “digər ssenarilərə” hazırdır. Yəni Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üçün də Vaşinqton tərəfindən artıq tədbirlər planı hazırlanıb. Ağ Ev hesab edir ki, Rusiyanın Ukraynanı işğal hərəkatı hava hücumu ilə başlayacaq.

Xatırladaq ki, dünən səhər ABŞ Dövlət Departamenti səfirlik işçilərinin əksəriyyətinə Ukraynanı tərk etmək göstərişi verib. Bir gün əvvəl isə bütün ABŞ vətəndaşlarının 48 saat ərzində ölkəni tərk etmələri çağırışı səsləndirilmişdi. Pentaqon 150-yə yaxın hərbi təlimçini də geri çağırıb. ABŞ dövlət katibi Antoni Blinken şənbə günü deyib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparması riski yüksəkdir. O, əlavə edib ki, əgər Putin işğala qərar verərsə, digər addımlarla yanaşı, Vaşinqton çevik şəkildə ağır iqtisadi sanksiyalar da tətbiq edəcək.

Bu arada, başqa ölkələr də Ukraynadakı vətəndaşlarına dərhal ölkəni tərk etmək çağırışı ediblər. İsrail, Portuqaliya və Bolqarıstan da şənbə günü siyahıya qoşulublar.

Moskva isə dəfələrlə Vaşinqtonun hadisələrlə bağlı versiyasını inkar edərək NATO-nun təcavüzünə qarşı öz təhlükəsizliyini qorumaq üçün Ukrayna sərhədi yaxınlığında 100 000-dən çox hərbçi topladığını bildirib. Qərb dövlətlərini diqqəti öz əməllərindən yayındırmaq üçün yalanlar yaymaqda ittiham edən Rusiya da şənbə günü Kiyev və ya başqa dövlətlərin “təxribatlarından” ehtiyatlanaraq Ukraynadakı diplomatik işçilərinin sayını “azaltmaq” qərarına gəlib. Amma Kreml Ukraynadakı səfirlik və konsulluqların əsas funksiyalarını yerinə yetirməyə davam etdiyini bildirib.