Xəbər verdiyimiz kimi, ABŞ-ın Los Anceles şəhərində Uilşir bulvarı ilə Qranvil prospektinin Azərbaycan Konsulluğunun qarşısındakı kəsişməyə Xankəndidəki separatçı-terrorçu rejimin adı verilib.
7Times.az xəbər verir ki, açılışda iştirak edən Los Anceles Şəhər Şurasının sədri Paul Krekorian Azərbaycan əleyhinə açıqlamalar verib.
O, Qarabağın “blokada”da olduğunu iddia edib və bununla bağlı ABŞ Prezidenti Co Baydenə və Dövlət katibi Antoni Blinkenə müraciət etdiyini söyləyib. Lakin erməni lobbisinin maraqlarına xidmət edən Krekorianın çabaları heç bir nəticə verməyib.
“Mənim və mer Karen Bassın vəziyyəti Prezident Baydenə və Dövlət Katibi Antoni Blinkenə təqdim etmək üçün birgə səylərimiz uğursuzluqla nəticələndi. Bayden administrasiyası tərəfindən Qarabağdakı vəziyyətə etinasızlığa görə çox təəssüfləndim. Onlar heç buna məhəl də qoymadılar”, – deyə Krekorian bildirib.
Qeyd edək ki, Los Anceles Şəhər Şurasının sədri Paul Krekoryan erməni əsillidir. Həmçinin Krekorian Los Anceles şəhərində vəzifəyə seçilən ilk erməni amerikalıdır.
Onu da bildirək ki, Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhəri və ətraf ərazilərdə separatçı-terrorçu ermənilərin “humanitar fəlakət” şousu hələ də davam edir. “Blokada”da olduğu iddia edilən Qarabağda dəbdəbəli toylar keçirilir, ad günləri, şənliklər təşkil edilir.
Xankəndidə “humanitar fəlakət” olduğunu iddia edən erməni separatçı-terrorçular Azərbaycanın Ağdam-Xankəndi marşrutu ilə istənilən qida və digər zəruri tələbat mallarını tədarük etmək barədə təklifini qəbul etmirlər. Əksinə, onlar sözügedən yolda beton plitələr və tikanlı məftillər düzərək aksiya təşkil edirlər.