ABŞ, Misir və Qətər İsrail və HƏMAS hərəkatı arasında danışıqlarda vasitəçi qismində çıxış edərək, hər iki tərəfi girovların azad edilməsinə və atəşkəs planı ilə razılaşmağa çağırıb.
Söhbət ABŞ Prezidenti Co Bayden tərəfindən mayın 31-də açıqlanan atəşkəs planından gedir.
İyunun 1-də axşam saatlarında yayılan üç ölkənin bəyanatında deyilir ki, ABŞ Prezidentinin təklifləri Qəzzada daimi atəşkəs və böhranın həllinə nail olmaq planıdır. Bu, həm Qəzzə xalqı, həm də girovlar üçün faydalı olacaq.
Baydenin təklif etdiyi plan üç mərhələdən ibarətdir və son nəticədə Qəzzada döyüşlərin dayandırılmasını, içğalçı İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını və HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsini nəzərdə tutur.
Birinci mərhələ 6 həftə davam edəcək və tam atəşkəs əldə olunacaq. Qəzzalıların yaşadığı bölgədən işğalçı İsrail əsgərlərinin çıxarılması, qadınların, qocaların və yaralıların azad edilməsi nəzərdə tutulur. Bu mərhələdə İsrailin bombardmanları nəticəsində həlak olan girovların cəsədləri ailələrinə veriləcək, qarşılığında isə yüzlərlə məsir tutulan fələstinli azad ediləcək. Fələstinli mülki vətəndaşlar öz evlərinə qayıdacaqlar. Humanitar yardımlar sürətlə artacaq və hər gün 600 yük maşını Qəzzaya daxil olacaq. Qəzzada beynəlxalq ictimaiyyət tərəfindən yüz minlərlə sığınacaq tikiləcək. Bunlar dərhal başlayacaq.
6 həftəlik ilk mərhələnin sonunda HƏMAS və İsrail ikinci mərhələ üçün görüşəcək. İsrail öz torpaqlarının təhlükəsiz olduğundan əmin olmaq istəyir. Bu danışıqlar müsbət nəticələnərsə, atəşkəs davam edəcək. Bu proses bütün razılaşmalar yerinə yetirilənə qədər davam edəcək. İkinci mərhələdə bütün canlı əsirlər də geri qaytarılacaq. Bura İsrail əsgərləri də daxildir. Münaqişə tam dayanacaq.
Üçüncü mərhələdə Qəzzanın yenidən qurulması üçün işlərə başlanacaq. Masanın üstündəki təklif budur.
“Əgər HƏMAS saziş üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, İsrail hərbi əməliyyatları bərpa edə bilər. Amma Misir və Qətər məni əmin etdilər ki, HƏMAS-ın bunu etməməsi üçün işləməyə davam edəcəklər”, – Bayden deyib.
Qəzzadakı dəhşətli qətliamlar müəllifi olan, minlərlə uşağın öldürülməsi əmrini verən İsrail rejiminin başçısı Benyamin Netanyahu şənbə günü bildirib ki, sülh planında HƏMAS-ın Qəzza üzərindəki nəzarətindən məhrum edilməsə, tam atəşkəsdən söhbət gedə bilməz. Bununla belə, o, Baydenin təkliflərini birbaşa rədd etməyib.
HƏMAS rəsmiləri isə sülh təşəbbüsü ilə bağlı müsbət əhvalda olduqlarını bildirsələr də, çox şeyin təfərrüatlardan asılı olacağını vurğulayıblar.
Şənbə günü Təl-Əvivdə minlərlə insan girovların azad edilməsi üçün sülh təkliflərinin qəbul edilməsi tələbi ilə növbəti nümayişə toplaşıb.
“Azpolitika.info”
Follow @7timesaz