Xalq artisti Flora Kərimova həyat yoldaşının ölümündən sonra ifa etdiyi ilk mahnıyla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi instaqram hesabında haqqında çəkilən sənədli filmdən bu barədə danışdığı hissəni izləyiciləriylə bölüşüb.
“Qızımın atası avtomobil qəzasına düşdü. Çox gözlənilmədən oldu. O dövrdə qızım olmasaydı, bəlkə də, mən həyatımla vidalaşardım. Mənə Zivər xanım (red. – şairə Zivər Ağayeva) zəng etdi. Mənim itkimə, dərdimı ithafən o sözləri (red. – “Yoxluğunu bilə-bilə” mahnısı) yazdı. Təbii ki, bir il oxumadım. Mənim hansısa mahnını məşq edib oxumağa heyim yox idi. “Yanağımda göz yaşlarım düzülübdür gilə-gilə, gözləyirəm sən siləsən, yoxluğunu bilə-bilə” sözlərini gətirdi və bu söz məni çox tutdu. Zəng etdim Elza İbrahimovaya (red. – Xalq artisti), dedim bu sözlərə mahnı yazın. Elza bir az emosiyalarını saxlayan adamdır. İki gün bu mahnının üstündə ağlayıb və bir şey çıxmayıb. Çünki mənim itkimi öz itkisi kimi qəbul edirdi. Sonra oturdu, beş-on dəqiqənin ərzində mahnı yarandı. Yoldaşım 1988-də rəhmətə getdi. 1989-da birinci dəfə mən bu mahnıyla çıxdım. Qara paltarda çıxdım. Adımı çəkdilər. Göz yaşlarım da sel kimi axır. Cəmləşdim, elə oxudum, bəlkə də, mən bu mahnını heç vaxt elə küskün, üsyanlı, yazıq, bədbəxt oxumadım”, – deyə, o, söyləyib.
Qeyd edək ki, Flora Kərimova iki dəfə ailəli olub. İbrahim Topçubaşovla evliliyindən övladı olmayıb. İkinci həyat yoldaşı Faiq Şəfiyevdən Zümrüd adlı qızı dünyaya gəlib.