İspaniyanın “Real Madrid” klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema onu keçmiş komanda yoldaşı Matye Valbuenanı şantaj etmək cəhdində təqsirli bilən məhkəmə qərarına etiraz etməyəcək.
Benzemanın vəkilinin sözlərinə görə, futbolçu apellyasiya şikayətini geri götürüb və bu qərarı təqsirini etiraf etdiyi üçün deyil, bu işdən “yorulduğu” üçün verib.
Xatırladaq ki, “Olimpiakos”un yarımmüdafiəçisi Matye Valbuenanın intim video ilə şantaj edilməsilə bağlı qalmaqallı hadisə 2015-ci ildə baş verib. İstintaqın versiyasına görə, Benzema videonun ictimailəşdirilməməsi üçün cinayətkarlarla Valbuena arasında vasitəçi rolunu oynayıb. Bununla bağlı qısa həbsdən sonra hücumçu istintaq altında olan şəxs statusunda sərbəst buraxılıb. Daha sonra Benzema Fransa millisində oynamaqdan uzaqlaşdırılıb.
Noyabrın sonunda Versal məhkəməsi Benzemanı bir il şərti cəzaya məhkum edib və 75 min avro cərimələyib. Benzemanın vəkilləri futbolçunun məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu elan etmişdilər. Məsələyə iyunun 30-da və iyulun 1-də baxılması nəzərdə tutulurdu.
Qeyd edək ki, hücumçu 2021-ci ilin mayında milli komandaya qayıdıb və 2022-ci il dünya çempionatının seçmə turniri olan Avropa çempionatında çıxış edib, həm də Millətlər Liqasının qalibi olub.
Follow @7timesaz