“Rəşid Behbudov Tofiq Quliyevi çağırıb, dedi ki, Almaz mənim qızımdır”
“1985-1990-cı illərdə Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili komediya aktyoru” fakültəsində təhsil almışam. 1987-1988-ci illərdə o vaxtkı Musiqili Komediya Teatrında solist kimi fəaliyyət göstərmişəm. 2016-cı ildən isə Akademik Musiqili Teatrında çalışıram. Bir çox tamaşalarda rollarım var. Təbii ki, məni hamı müğənni kimi tanıyır, amma onlar tamaşalarıma baxandan sonra təəccüblərini gizlədə bilmirlər. Çox istərdim ki, tamaşaçılar hər zaman teatra gəlsin. Çünki teatr böyük mədəniyyətdir”.
Bunu Moderator.az-a açıqlamasına əməkdar artist, sevilən müğənni Almaz Ələsgərova deyib. O daha sonra əlavə edib.
“Mənim qardaşım idmançı olub, Azərbaycanın Həndbol üzrə yığma komandasında oynayıb. Mən də evin sonbeşiyi idim. O məni məcbur etmişdi, uşaqlıqdan idmana gedirdim. 10 il həndbol idman növünə gedib-gəldim. Artıq idman universitetinə də hazırlaşırdım. O qədər böyük həvəsim var idi ki. Uşaqlıqdan yüklənmişdim, bir çox dərnəklərə gedirdim. Tikiş bacarırdım, rəsmxəttlə məşğul olurdum, rəqsə gedirdim. O vaxt bütün bunların hamısını bilmək böyük bir üstünlük idi. Bir dəfə təsadüfən gəlib “Mahur Hindi” ansamblını gördüm. Gördüm ki, 11 nəfər ifa edir, gitara, tar və s. Elə bil ki, yenidən doğuldum, dünyaya gəldim. Ağlayaraq bacıma dedim ki, məni musiqiyə apar, müğənni olmaq istəyirəm. Sonra mən başa düşdüm ki, səhnə üçün doğulmuşam. 17 yaşından səhnədəyəm. O vaxt universitetdə oxuyurdum. Xalq artisti Alim Qasımovla “Səni axtara-axtara” mahnı və klipim çıxmışdı. O vaxt yeni il bitdi, 10 gün tətilə çıxdıq və daha sonra dərsə getdik.
Bu klipdən sonra dərsə gedəndə metrodan düşürdüm, arxamca düşüb mahnımı oxuyurdular. Həm utanırdım, həm də mənə ləzzət edirdi. O vaxt hələ trend söhbəti yox idi. Brilliant Dadaşova da mənimlə birlikdə oxuyurdu. Bir il olardı ki, o artıq tanınırdı. Estradamız inkişaf edirdi. Daha sonra Faiq, Aygün və Zülfiyyə sənətə gəldi. Birləşib “Bakı payızı” mahnı müsabiqəsində iştirak etdik. Mən o vaxt 2-ci yerə çıxdım” deyə müğənni bildirib.
Almaz Ələsgərova Rəşid Behbudovun ona olan dəstəyindən də danışıb.
“1988-1995-ci illərdə Rəşid Behbudov adına Mahnı Teatrında çalışırdım. “Bakı Payızı” müsabiqəsi başlayanda gəlib Rəşid Behbudovdan ondan icazə aldım. Onun çox ciddi xasiyyəti var idi. Rəşid müəllimə deyəndə məndən soruşdu ki, münsiflər heyətində kimlər oturacaq? Dedim ki, onu bilmirəm, amma bir onu bilirəm ki, müsabiqənin yaradıcısı Tofiq Quliyevdir. Dedi ki, neynirsən gedirsən? Bu sənə lazımdır? Dedim ki, hə, çox istəyirəm! Faiq Sücəddinov mənim üçün gözəl bir mahnı yazdı. Rəşid Behbudovla Tofiq Quliyev çox yaxın dost idilər. Bir gün də mənə görə onu çağırıb, dedi ki, bax Almaz mənim qızımdır. Məni onunla tanış etdi. Bu mənim o qədər xoşuma gəlmişdi ki. Rəşid Behbudov və xanımı Ceyran xanım mənim üçün xüsusi geyimlər tikdirdi. Deyirdi ki, Almaz Mahnı teatrını təmsil edir, qoy hər şey yerli-yerində olsun. Allah onlara rəhmət etsin, mənə çox böyük dəstəkləri olub” deyə sənətkar bildirib.
Follow @7timesaz