“Mən özümü tanıdığım ilk günlərdən efirlərdə olmuşam. Uşaqlıqdan tanınıram, çünki atamla birlikdə bütün verilişlərdə olurdum. Mən Yaşar Nurinin qızıyam, əlbəttə ki, tanınmalı idim. Efirlər də hər zaman məni dəvət ediblər, müğənnilik sənətinə başlayanda hamısı sağ olsun mənə dəstək oldu. O dəstəyi bu günə qədər görürəm. Heç vaxt efirlərdən “yox” sözünü eşitməmişəm. Kim fikirləşirsə mən özümü reklam edirəm, efirə çıxıb onların təbirincə desək ağlayıram, həmin insanların məntiqi, savadı ora qədərdir. Mən efirə çıxıb ağlamamışam ki, “ay camaat, qurban olum, yalvarıram sizə mənə köməklik edin?”. Heç kim acından ölmür və heç kimin soyuducusu boş deyil. Quru çörək də olsa bir parça tapıb yeyirlər. Çəkilişdə soyuducunu açmağımı istədilər, mən də etiraz etmədim. Bu öncədən planlaşdırılmamışdı ki?! Lazım olan hər bir şey var idi orada. Kimsə məni qınayırsa öz başına gəlsin və görsünlər ki, insanı qınamaq nə deməkdir?!”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı deyib. Sənətçi ona sosial şəbəkələrdə “efirə çıxıb ağlayır, özünə reklam qazanır” deyə rəy yazan insanlara xəbərdarlıq edib.
“Mənim kimi bu gün min insan çətinlik çəkir, bu həyatı yaşayır. Mən gündəmdə olan bir insanam. Hamı sual verirdi ki, Ülkər, sən necə yaşayırsan? Mən də açıq-aşkar çıxıb efirdə danışdım ki, bəli mənim bu gün vəziyyətim yaxşı deyil! Niyə də gizlədim, deməyim? Əlimdə olan hər bir şeyi satmışam, sabah evimi də satanda mənə deməyəcəkdilər ki, niyə evi satdn? Bu günə qədər susmuşdum, amma indi danışıram. İnsanlardan dilənib pul istəməmişəm, müəyyən qurumlara müraciət etmişəm ki, vəziyyət budur, bacarırlarsa kömək etsinlər. Çünki mən böyük sənətkar Yaşar Nurinin qızıyam, öz işimlə məşğul oluram. Mən bu gün gedib ofisiant da işləyərəm, oteldə resepşın da işləyə bilərəm. Onda deyəcəklər ki, sən Yaşar Nurinin qızısan, bu işdə necə çalışırsan, ayıb deyil camaat sənə nə deyər?! Belə danışıram qınanıram, başqa işə gedəcəyəm yenə də qınayacaqlar. Mənim işim var, sənətim var, müğənniliklə məşğulam. Həmin veriliş atamın 70 illiyinə hərs olunmuşdu, mənə yox. Sadəcə söhbət canlı efirdə açıldı. Mənim heç bir reklama ehtiyacım yoxdur, ömür-boyu reklamlı ailədə böyümüşəm. Hansı reklamdan danışırlar? Mənə sadə insanlar aidiyyatı qurumlardan çox mesaj yazır ki, Ülkər xanım nə lazımdırsa sizin üçün edək! Mən o verilişdə bilirəm kimə nə demişəm, ünvanlamışam. Orada dediklərimin sadə xalqla, insanlarla əlaqəsi yoxdur. Sadəcə olaraq o tupoy, savadsız insanların rəyləri məni əsəbləşdirir, yerinizi bilin! Çıxıb elə şeylər danışaram ki, yaxşısı budur mənə dəyməyin! Ayıbdır, oturun yerinizdə!
Məcburiyyət qarşısında qalmasaydım ömür boyu danışmazdım! Ailəm, dostlarım, yaxınlarım bilir ki, mən hansı şəraitdə yaşayıram, bu mənə bəsdir! Dəstəyi göydə Allahdan, yerdə isə bəzi qurumlardan istəmişəm. Mənim kimi atasız qızlar, ehtiyacı olanlar çoxdur! Mən nə etməliyəm, ailəmi necə dolandırmalıyam?! Heç kimə əyilmədiyim üçün, qürurlu olduğum üçün çıxıb bunu efirdə danışmışam! Ən azından mən çıxıb özüm haqqında danışmışam, vəziyyətimizi demişəm. Gündəmə gəlmək istəsəydim açıq-saçıq şəkillər çəkdirib, min dənə poz verərdim, yazardılar ki, Yaşar Nurinin qızı lüt, açıq-saçıq şəkillərlə poz verdi! Bəzən gəlib məni oxuduğum restoranlarda görüb deyirlər ki, Ülkər sən indi bilirsən haralarda olmalısan? Bəli, mən efirdə məhz haralarda olmalıyamsa onu demişəm. O pis rəy yazanlar harada məni görsə gəlib öpüb-qucaqlayacaqlar. Mənfi rəy yazanlar mənim heç vecimə deyil, özlərini yormasınlar. Çox az müddətdən sonra mən öz yerimi tutacağam, onda deməyə artıq başqa sözlərim olacaq” deyə sənətkarın qızı bildirib.
Follow @7timesaz