Polis əmək miqrantlarını, alkoqolizmlə və ya fahişəliklə bağlı qeydiyyatda olanları, habelə alimentlərini ödəməyənləri zorla pambıq yığmağa göndərir.
7times.az xəbər verir ki, Türkmənistanda maska rejimini pozanları, habelə kommunal xidmətlər və aliment üzrə borcu olanları məcburi qaydada pambıq və çuğundur yığmağa göndərirlər.
Bundan imtina edənləri isə polis dəyənəklərlə döyür. Bu məlumatı AzadlıqRadiosunun Türkmən xidməti – Azatlık verib.
Şahidlərdən biri Azatlık müxbirinə deyib: “Hazırda Bereket və Serdar dairələrində yaşayan və maska rejimini pozmaq üstündə tutulanları və ya elektrik və qazın pulunu ödəməyənləri məcburi qaydada pambıq və ya çuğundur yığımına göndərirlər. Polis onları dəyənəklərlə döyərək zorla pambıq yığmağa məcbur edir”.
Balkan vilayətinin sakinləri müxbirə deyiblər ki, yerli hakimiyyət orqanları bundan fürsətlənərək tez bir zamanda “məcburi əməyin hesabına” pambıq yığımı planını doldurmaq istəyir.
Amma sakinlərin sözünə görə bu il artıq tarlalarda pambıq qalmayıb. Bütün vilayət üzrə plan yalnız 21 faiz doldurulub. Yerli saytlardan birinin yazdığına görə bu il Balkan vilayətində pambıq yığımına sentyabrın 8-də başlanıb. Bu vilayət bütün ölkə üzrə 1 milyon 250 min ton pambığın 10 min tonunu verməlidir.
Follow @7timesaz