UEFA Millətlər Liqasında final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri qarşılaşıb.
Final qarşılaşmasının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən ispanlar (5:4) çempionluğu bayram ediblər.
Matçdan sonra UEFA-nın rəsmi saytına danışan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç məğlubiyyəti belə şərh edib:
“Əvvəlcə İspaniya millisini və futbolçularımızı gözəl oyuna görə təbrik edirəm. Azarkeşlərə təşəkkür edirəm. Çox böyük dəstək nümayiş etdirdilər. Uduzduq deyə üzgünəm. Amma qürur duymalıyıq. Finala yüksəldik, ancaq qalib gələ bilmədik. Bəzən udursan, bəzən uduzursan. Oyun çətin, rəqib yaxşı idi. Yenə 120 dəqiqə işlədik, onlarla rəqabət apardıq. Peşman olacağım bir şey yoxdur. Bu, hamımız üçün çox çətin vəziyyətdir. Kuboku qazana bilmədiyimiz üçün üzr istəyirik. Biraz dincəlməliyik. Çox adrenalin və emosiyalar var idi. Biz bir-birinin ardınca medallar qazandıq, tariximizdə üçüncü böyük nailiyyətdir. Bu oyun onu göstərdi ki, biz çox şey edə bilərik və dünyanın ən yaxşı komandaları ilə rəqabət apara bilərik”.
Xatırladaq ki, üçüncü yer uğrunda qarşılaşma isə Niderland ilə İtaliya yığmaları arasında keçirilib. Beş qolun qeydə alındığı bu matçdan qalib ayrılan İtaliya yığması bürünc medallara sahib çıxıb.
Follow @7timesaz