Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tikintisi plan üzrə və gecikmə olmadan davam edir.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
“Akkuyu layihəsinə gəlincə, hər şey plan üzrə gedir, hər şey qrafik üzrə gedir. Gecikmə yoxdur, çoxlu sayda insan işləyir. Biz bu iş üçün yaradılan şəraitə görə Türkiyə rəhbərliyinə minnətdarıq”, – deyə o qeyd edib.
Qeyd edək ki, “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tam istismara verilməsi Türkiyənin 2028-ci ilə qədər strateji inkişaf planına daxildir.
“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.
Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.
Follow @7timesaz