Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fucayra şəhərində “Karate1 Youth League” turnirinin son günündə daha iki medal qazanıblar.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, 14 yaşadək uşaqlar arasında Əfqan Tarverdi (-45 kq) qızıl medala, Zeynəb Nəbiyeva isə (-52 kq) gümüş mükafata sahib olublar.
Dörd gün davam edən nüfuzlu yarışın əvvəlki günləri Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) ikinci pilləni, Raul Səfərəliyev (-63 kq, 14-15 yaşlı yeniyetmələr) isə üçüncü sıranı tutublar.
İdmançıları yarışda milli komandanın məşqçiləri Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev, eləcə də Akif Kərimov müşayiət ediblər. Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olublar.
23-26 fevral tarixlərində mövsümün ilk “Karate1 Youth League” turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparıblar. Mötəbər yarışda 67 ölkədən 1 169 idmançı iştirak edib.
Follow @7timesaz