Dünya

“Dedi ki, mən sənin atanam, sözlərinə məhəl qoymadım…” – Ata qatilinin qandonduran ifadəsi

“Dedi ki, mən sənin atanam, sözlərinə məhəl qoymadım…” – Ata qatilinin qandonduran ifadəsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

…İçki aludəçisi olduğundan uzun illər həm həyat yoldaşına, həm də doğma balalarına qənim kəsilən Cavanşir Şükürov onlara göz verib, işıq verməyib.

Sərxoş vəziyyətdə ailə üzvlərini təhqir etməkdən, onlara əl qaldırmaqdan, döyməkdən çəkinməyib. Əzazil adam olduğundan evdəkilər Cavanşirlə heç cür dil tapa bilməyiblər. Doğmaları ilə qəddar şəkildə davranıb, onlara daim əzab – əziyyət verib, qorxu içərisində saxlayıb. Günlərin birində ailənin sonbeşiyi Cahangir isə atasının qəddarlıqlarına dözməyərək bıçağa əl atıb.
Bu ailə dramı 2021-ci il fevralın 13-də Bakının Balaxanı qəsəbəsində baş verib. Atasını qətlə yetirməkdə ittiham olunan Ağsu rayon sakini 21 yaşlı Cahangir Şükürovun cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb.
Təqsirləndirilən Cahangir Şükürov ifadəsində atasının spirtli içki aludəçisi olduğunu, evə həmişə sərxoş vəziyyətdə gəldiyini,  onları incitdiyini, tez-tez anasını döydüyünü göstərib: “Ailədə dörd uşaq olmuşuq. Atam heç vaxt bizim qayğımıza qalmayıb, tərbiyəmizlə məşğul olmayıb. Anam atamın hərəkətlərindən bezib dəfələrlə atası evinə getmişdi”.  
Cəmi beşinci sinfə kimi oxuyan C.Şükürov ailəni dolandırmaq təhsilini yarımçıq qoyub qardaşı ilə birlikdə şadlıq saraylarında operator köməkçisi işləyib:
“Atam qəza törətmişdi, bir nəfər sərnişin ölmüşdü deyə onu həbs etdilər. Məktəbi yarımçıq qoyub işləməyə başladım. Şadlıq saraylarında operator köməkçisi işləyirdim. Həmin vaxtlar biz nənəmin yanında -Balaxanıda yaşayırdıq. Həbsdən çıxandan sonra anam atamla barışdı. Atam Qaraçuxur qəsəbəsində kirayə ev tutub bizi oraya köçürdü”.
C.Şükürovun ifadəsinə görə, atası yenə köhnə vərdişlərindən əl çəkməyib, içki içib, onlara döyüb-incidib. Hər dəfə ailədə dava-dalaş düşəndə, narazılıq yarananda Balaxanıya – nənəsinin evinə pənah aparıblar. Lakin sonradan anası atası ilə barışıb, ailə yenidən birlikdə yaşamağa davam edib. Bir müddət sonra Cahangirin bacıları evlənib, ər evinə köçüblər, qardaşı ailə həyatı qurub. Ötən il Ağsu rayonunun Qaraqaşlı kəndindəki ata yurdunu satıb Balaxanıdan ev alıb oraya köçüblər. Amma atası yenə də hər xırda məsələyə görə evdə dava-dalaş salıb, inciklik yaradıb:
“İçirdi, təhqiredici sözlər işlədirdi, bizi evdən qovurdu. Mən yeniyetmə yaşlarımdan işləyib evə pul gətirirdim, ailəni dolandırırdım. Atam isə qədrimi bilmirdi. Onun hərəkətləri artıq məni yormuşdu. İllər ərzində bizə etdiklərinə görə atamı cəzalandırmaq istəyirdim. Atama qarşı içimdə artıq nifrət hissi yaranmışdı. Onu öldürmək niyyətindəydim”.
Atasını öldürməyi planlaşdıran C.Şükürov məhəllədəki dükandan aldığı bıçağı dalandakı dəmir borunun içərisində gizlədir. Atasına qarşı daxilində tüğyan edən nifrətinin səngiməsini gözləyir, dəyişməsini istəyir. Lakin alınmır. Atasının qeyri-insani davranışları hər dəfə onu öldürmək qərarını daha da kəskinləşdirir. Beləcə, atanı ölümə, oğulu isə həbsxanaya sürükləyir.
Qətl hadisəsindən üç gün əvvəl Cavanşir Şükürlü sərxoş halda digər oğlu Cavidanla mübahisə edərək dalaşıb. Ata-oğul əlbəyəxa olublar. Hər iki oğlunu evdən qovan C.Şükürlü polisə zəng vurub övladlarından şikayət edib. Lakin onların evi tərk etdiklərini görüncə şikayətini geri götürüb. Qardaşlar həmişəki kimi yenə də nənələrinin evinə sığınıblar:
“Artıq dözə bilmirdim, atama layiqincə cavab vermək istəyirdim. Axşam təxminən saat 20:00 radələrində öz evimizə gəldim. Dalandakı boruda gizlətdiyim bıçağı götürdüm. Çöl qapıya yaxınlaşıb zəngi basdım. Atamın qapını açdı. İçkili olduğu açıq-aydın hiss edilirdi. Darvazadan çölə çıxan kimi bıçaqla boyun nahiyəsindən vurdum. “Mən sənin atanam”dedi. Sözlərinə məhəl qoymayıb başından, boynundan ardıcıl zərbələr endirdim. Beş-altı zərbədən sonra huşunu itirdi. Öldüyünü görüb oradan uzaqlaşdım…”
Atasını öldürdükdən sonra nənəsinin evinə qayıdan Cahangir ailə üzvlərinə atasını öldürdüyünü deyib. Evdəkilər ona polisə təslim olmağı məsləhət görüblər.
Öldürülən Cavanşir Şükürovun qardaşı isə məhkəmədə zərərçəkmiş qismində verdiyi ifadəsində qardaşı oğlundan şikayəti olmadığını deyib və ona yüngül cəza verilməsini xahiş edib:
“Qardaşım aqressiv adam idi. Qazandığı pulu ailəsinə deyil, spirtli içkiyə xərcləyirdi. Cahangirin onu öldürməsinə səbəb ailə üzvlərini bezdirməsi, onlara əzab verməsi olub. Cahangir xasiyyətcə mehriban uşaqdır. Ondan şikayətim və tələbim yoxdur. Məhkəmədən mümkün qədər Cahangirə yüngül cəza verilməsini xahiş edirəm”.
Məhkəmənin hökmü ilə Cahangir Şükürov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.
(virtualaz.org)