Dünya

Deputatlardan İran parlamentinə ETİRAZ: Sizdən ancaq xəyanət gördük

Deputatlardan İran parlamentinə ETİRAZ: Sizdən ancaq xəyanət gördükbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasına etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda Azərbaycanla bağlı təhdid dolu fikirlər yer alıb.

 

Qeyd olunub ki, Azərbaycan İsraildə səfirlik açması səbəbindən “mənfi siyasi nəticələr”lə üzləşəcək. İranlı deputatlar bildiriblər ki, Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərməli və “lazımi diplomatik tədbirlər” görməlidir.

 

İran İslam Şurasının təxribatçı addımına Azərbaycan deputatlarının reaksiyası necədir? Milli Məclis İrana cavab bəyanatı hazırlayacaqmı?

 

 

Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu Modern.az-a bildirib ki, Azərbaycan müstəqil ölkə olaraq hər bir dövlətlə əməkdaşlıq edə bilər və İran parlamentinin yanaşması yanlışdır:

 

“Azərbaycan xarici siyasətinin başlıca məqsədlərindən biri dünya ölkələri ilə bərabərhüquqlu inkişafdır. Azərbaycan öz miilli maraqlarına uyğun olaraq tam müstəqil siyasət yürüdən dövlətdir. Bizlə əməkdaşlıq etmək istəyən hər bir ölkəyə açığıq. Nəzərə almaq lazımdır ki, Azərbaycan və İsrail arasında əlaqələr dərin köklərə malikdir. Hazırda İsraildə 50 mindən artıq Azərbaycan mənşəli yəhudi yaşayır. Ayrıca olaraq qeyd etmək lazımdır ki, İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyib. İsrail və Azərbaycan arasında hər sahədə əməkdaşlıq əlaqələri qurulub. Burada hər iki ölkənin maraqları var. Nəzərə almaq lazımdır ki, Qarabağ müharibəsi zamanı hərbi-tekniki sahədə əməkdaşlıq öz töhfəsini verib. Bu baxımdan İran İslam Şurasının Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bəyanatı qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşan hər bir ölkə ilə əməkdaşlıq etməyə hazırıq”.
Deputat Naqif Həmzəyev də İran parlamentinin bəyanatının əsassız olduğunu vurğulayıb.

 

“Azərbaycanla İsrailin münasibətləri imkan verib ki, orada səfirliyimiz açılsın. İndiyə qədər Azərbaycan İranla qonşuluq münasibətlərini nəzərə alırdı. Baxmayaraq ki, İsralin Bakıda səfirliyi uzun illərdir var. Amma biz müəyyən məsələləri nəzərə alırdıq. Düzdür, İsraillə münasibətlərimiz yüksək səviyyədə idi. Səfirliyimiz olmasa da qarşılıqlı əməkdaşlıq davam edirdi. 44 günlük Vətən müharibəsi Azərbaycanı sevən və sevməyən ölkələr üçün həm də bir test oldu. Bu savaşda İsrail bizə dost olduğunu nümayiş etdirdi. Ancaq yalançı müsəlman həmrəyliyindən danışan İrandan xəyanət gördük. Bu gün İran rejimi Azərbaycanda müxtəlif təxribatlar törətməklə məşğuldur”,- deyə deputat bildirib.

 

 

O, Azərbaycanın hansısa bir ölkədə səfirlik açmasının dövlətimizin suveren hüququ olduğunu vurğulayıb:

 

“İran Parlamentinin bununla bağlı bəyanatı nə diplomatik qaydalara, nə dövlətlərarası münasibətlərə, nə  də digər ölkənin suverenliyinə hörmət prinsipinə söykənir. İran parlamentinin bəyanatında digər müsəlman ölkələrinə olan çağırış da reaksiyasız qalacaq”.

 

Xatırladaq ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər.