Azərbaycanda son günlər internet üzərindən vətəndaşları aldadan fırıldaqçı şəxslər peyda olub.
Oxu24.com xəbər verir ki, hələlik şəxsiyyəti müəyyən edilməyən şəxs,yaxud şəxslər internet resurslarında ev,iş və s.kimi elanlar yerləşdirir. Elanla tanış olan vətəndaş maraqlandığı işə düzəlmək üçün getdikdə,yaxud kirayə evi götürmək istəyərkən ondan əvvəlcədən beh tələb olunur. Vətəndaş qeyd edilən karta pulu ödədikdən sonra elan sahibi telefonu söndürərək yoxa çıxır.
Bu məzmunda Oxu24.com saytına müraciət edən sakin Ülviyyə Səxavət qızı bildirib ki, Tap.az elan saytında kirayə mənzillə maraqlanıb. Yasamal rayonu ərazisində yerləşən evi kirayə götürmək məqsədi ilə elanda qeyd olunan 070 224 48 55 nömrəsinə zəng edib.
Özünü Nərmin kimi təqdim edən şəxs ev sahibi olduğunu bildirib və ilkin olaraq karta 50 manat beh ödənilməsini istəyib.
Qarşı tərəfə 50 manat ödəyən Ülviyyə Səxavətqızı may ayının 18-də mənzilə baxmaq və köçmək istəyərkən elan sahibi telefonları söndürüb və yoxa çıxıb.
Ülviyyə xanım bildirib ki, qeyd olunan şəxs təkcə onu yox, daha bir neçə xanımı da bu üsulla aldadıb.
Digər şəxs Leyla Rəsulova saytımıza açıqlamasında bildirib ki, o da ev kirayə götürmək istəyib. Tap.az saytında elanda yerləşdirilən 050 538 45 37 nömrəsi ilə əlaqə saxlayıb. Özünü Nərmin kimi təqdim edən şəxs kart nömrəsini ona göndərib. (həmin hesab: Kapital Bank 4169 7413 2592 6457) Pul ödəndikdən sonra eyni qaydada özünü Nərmin kimi təqdim edən şəxs telefonu söndürərək yoxa çıxıb.
Araşdırmamız zamanı məlum oldu ki, qeyd edilən şəxs kütləvi halda vətəndaşları bu üsulla aldadıb. O, izi itirmək məqsədi ilə bir neçə nömrədən istifadə edir və kart hesabı eyni olaraq qalır.
Mövzu ilə bağlı Oxu24.com Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Follow @7timesaz