Ötən gün Krım Platformasının online formatda zirvə toplantısı keçirilib. Toplantıya 60-dan çox dövlət, hökumət başçısı və digər rəsmi təmsilçilər qatılıb.
7Times.az -ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki, toplantıda diqqəti cəlb edən ən önəmli, həm də paradoksal məqam Krımın geri qaytarılacağına dair nikbinliyin olması idi:
“Ukrayna rəhbərliyi buna inanır, tərəfdaş ölkələr də ən azından bunu artıq qeyri-mümkün saymırlar. Polşanın mövqeyini xüsusi qeyd etmək lazımdır. Prezident Duda bildirdi ki, təkcə 23 fevrala olan vəziyyətə qayıtmaq doğru olmaz, Krımı da mütləq şəkildə azad etmək gərəkdir və Polşa son ana qədər Ukraynanın yanında olacaq. Fransa prezidenti Makron sərt mövqe ortaya qoyaraq bəyan etdi ki, Rusiyaya qarşı zəiflik göstərmək və onunla hər hansı kompromisə getmək olmaz: “Çünki söhbət hamımızın azadlığından gedir”.
Türkiyə prezidenti Ərdoğan videomüraciətində gözlənilmədən “Krım Ukraynaya qaytarılmalıdır”, dedi. Ərdoğanın real siyasəti bu mövqeyə heç uyğun gəlməsə də, hər halda Türkiyə dövlətinin dünyaya elan olunan, rəsmi qeydlərə keçən mövqeyi kimi bu sözlər önəm daşıyır”.
Ekspert digər dövlət başçıları, NATO, Avropa Birliyi rəhbərlərinin də bənzər çıxışlar etdiyini vurğulayıb:
“Artıq Qərbdə tam dərk edilir ki, güclü Ukrayna dövlətinin mövcudluğu avroatlantik təhlükəsizlik baxımından kritik önəmə sahibdir. Belə bir Ukrayna aqressiv, imperialist Rusiyanın qarşısını kəsən çox mühüm bufer rolunu oynayır və gələcəkdə də oynayacaq. Bu dəstəkdən ruhlanan Ukrayna prezidenti Zelenski mövcud durumda Rusiya ilə danışıqlara getməyəcəklərini, işğal altındakı əraziləri geri qaytarmaq üçün müharibəni davam etdirəcəklərini, Krımda Ukraynanın və Krım tatarlarının bayraqlarının dalğalanacağı günün uzaqda olmadığını bildirdi”.
Follow @7timesaz