Yeni il bayramı gələr-gəlməz tamaşaçıların bir çoxu ekran qarşısına keçib “Evdə tək” filmini izləyir. Filmin baş qəhrəmanı Kevin başına gələnlərlə izləyiciləri ekrana sehirləyir. Həmişə azyaşlı Kevin olarak xatırlanan, amma artıq 41 yaşına çatan Makoley Karson Kalkin də filmi izləyərək bizimlə böyüdü. Maraqlıdır, aktyor sonrakı illərdə filmə çəkilibmi? Hansı rolları alıb?
7Times.az Teleqraf.com-a istinadən sizə “Evdə tək” filminin baş qəhrəmanı Kelvin haqqında danışacaq.
Əsl adı Makoley Karson Kalkin olan aktyor 26 avqust 1980-ci ildə ABŞ-da anadan olub. Anası telefon operatoru, atası aktyor olub. Ailədə 2 bacı, 4 qardaş olublar. Makoley uşaq olanda avtomobil qəzasında kiçik bacısı Dakotanı itirib. Daha sonra ögey bacısı Cennifer Adamson narkotik aludəçiliyi səbəbindən dünyasını dəyişib.
Makoley ilk dəfə 5 yaşında səhnə ilə tanış olub. Çox keçmir ki, balaca aktyor məşhur şirkətlərin simasına çevrilir. Dəvət aldığı filmlərin sınaq çəkilişlərinin birində o, prodüser, rejissor və ssenarist Con Hyusla tanış olur. Həmin ərəfədə məşhur rejissor “Evdə tək” kinokomediyasının ssenarisini tamamlamaq üzrə idi.
Makoleyi görən Con başa düşür ki, ondan başqa heç kim Kevin Makkalister ola bilməz. Beləliklə, Makoleyin kino tarixində ulduzu parlamağa başlayır. 10 yaşı olanda “Evdə tək” filminin baş rolunu canlandıraraq bir anda bütün dünyanın sevgisini qazanır. Film yarım il ərzində Amerika kinoprokatında təxminən 300 milyon, dünyada isə 200 milyon dollar gəlir gətirərək böyük ajiotaja səbəb olur.
Makoley müxtəlif nominasiyalar üzrə qalib gəlir. Bir müddət sonra filmin ikinci hissəsi “Evdə tək-2: Nyu-York sərgüzəştləri”nin çəkilməsi və ekranlara çıxması ilə Makoleyin şöhrəti daha da artır. Filmin büdcəsi 170 milyon dollar olaraq ən çox gəlir gətirən kinoların siyahısına düşür. “Evdə tək” çəkilən müddətdə Makoley “Video Hits One TV” tərəfindən “Ən bacarıqlı 100 uşaq aktyor” siyahısında yer alır.
Kevinin oğruları qorxutmaq üçün baxdığı film sadəcə “Evdə tək” üçün çəkilir. “The talkboy” adlı səsyazan cihaz isə həmin dövrdə satışda yox idi. Filmdən sonra hər kəs o cihazdan axtarırdı. Bundan sonra şirkət “The Talkboy” və “The Talgril” adlı aparatların satışına başlayır.
Filmdə Kevinin yaşadığı ev 2011-ci ildə 2,4 milyon dollar satılır. Film “Oskar”, “Qızıl qlobus”, “Qremmi” namizədi olub.
Lakin “pul hər zaman xoşbəxtlik” gətirmir fikri Kalkinin həyatında özünü doğruldur. Şöhrəti, qazandığı pullar onu və ailəsini təsir altına salır.
Kit Kalkin oğlunun prodüseri və meneceri kimi fəaliyyət göstərməyə başlayır. Artıq oğluna təklif olunan ssenarilərə ata başqa prizmadan yanaşmağa başlayır və rejissorlara konkret şərtlər irəli sürür. İlk növbədə balaca Kalkinə yazılan ssenarilərdə onun digər bacı və qardaşları da rol almalı idilər. Bununla aktyora verilən qonorarın məbləği də artırdı. Yalnız pulu düşünən ata oğlunun sənətinin keyfiyyətinə heç önəm vermirdi. Balaca aktyor isə artıq ifa etdiyi rollar ilə əvvəlki sevgini qazana bilmirdi. Digər tərəfdən isə ailə problemləri…
1995-ci ildə Makoleyin anası atasından ayrılır. Səbəbi həyat yoldaşının oğlunun karyerasına xələl gətirməsi idi. Amma artıq gec idi: heç bir kinokompaniya “Evdə tək”in məşhur qəhrəmanı ilə işləmək istəmirdi. Makoleyə məxsus olan 17 milyon dollarlıq sərvəti bölmək üçün ata və anası arasında böyük mübahisə başlayır. Makoleyin sərvəti məhkəmə tərəfindən araşdırılana və yetkinlik yaşına çatanədək himayəsi atası Kitə verilir.
Bundan sonra Makoley 1996-cı ilə qədər heç bir filmə çəkilməyəcəyini açıqlayır.
İllər sonra atasının pul hərisliyini öyrənən Makoley ailəsindən uzaqlaşır. Böyüdüyünü zənn edən Makoley ayrı evə köçür. 17 yaşında aktrisa Raşel Miner ilə evlənir. Lakin cütlük 2002-ci ildə yollarını ayırır. 2002-ci ildə aktrisa Mila Kunis ilə sevgili olsa da, 2010-cu ildə ayrılırlar.
Makoleyin kinoya qayıdışı 5 illik fasilədən sonra – 2003-cü ildə baş verdi. Bu dəfə Kalkin “Gecə divi” filmində narkoman, cinayətkar və homoseksual kimi ekranlara qayıdır.
“Evdə tək” filmində dəcəl və ağıllı obrazını canlandıran aktyor sonrakı illərdə alkoqol və narkotik aludəçisi olduğu üçün eyni performansı təkrarlaya bilmir.
Filmlərdə rol almayan aktyor gecə klublarında DJ-lik etməyə başlayır. Aktyor 2004-ci ildə sükan arxasında narkotik vasitələrdən istifadə etdiyinə görə polis tərəfindən saxlanılır. Nə üçün narkotikadan istifadə etdiyi sualına cavab olaraq depressiyanı səbəb göstərir.
Haqqında bir neçə dəfə yalan ölüm xəbərləri yayılır. Uzun müddət narkotik asılılığından və depressiyadan əziyyət çəkən aktyor intihara cəhd edir.
Qardaşları Kiran və Rori isə ondan fərqli olaraq uğurlu karyera qururlar. Ataları onların uğur qazanacağına inanmadığı üçün karyeralarına qarışmır. Amma əskinə olur… Aktyor Deniel Stern və Co Peşi karyeralarına davam edir.
“Evdə tək”in ilk iki hissəsindən sonra 1997-ci ildə üçüncü, 2002-ci dördüncü, 2012-ci ildə isə beşinci hissəsi yayımlanır. Makoley Kalkinin rol almadığı bu filmlər ilk bölümlər kimi uğurlu olmur.
Follow @7timesaz