7times.az saytının “Ulduzlar Arenası” rubrikasının ilk qonağı türkiyəli məşhur gənc aktrisa və yeni dövrün ssenaristi Esin Benim oldu.
İlk olaraq koronavirusla başlayaq. Sərt məhdudiyyətlərin olduğu pandemiya dövrü həyatınıza və karyeranıza necə təsir etdi?
Koronavirus keçən il həyatımıza ilk daxil olduğunda təbii ki, üç ay evdə qaldım. Evdə olduğum müddətdə mətbəxdə vaxt keçirdim, biraz aşbazlıq təcrübələrim oldu. Aktrisalığın mənə qazandırdığı sosial şəbəkə izləyiciləri və iş birlikləri sayəsində özüm üçün yeni biznes qurdum. Bu da koronavirusun mənim üçün avantaj yaratdığı dövr oldu. Otellərlə və markalarla işbirliyi edərək səyahətlərə getdim. Səyahət edərək pul qazandım.
Üzünüzün çox gözəl olması ilə diqqət çəkirsiniz. Üzünüzdə estetik əməliyyatı varmı?
Öncəlliklə təşəkkür edirəm, “üzünüz çox gözəldir” dediyiniz üçün. Bəli, üzümə kiçik müdaxilələr olub. “Estetik əməliyyatı etməmişəm” desəm yalan demiş olaram. Sadəcə xırda botokslar və kiçik estetik müdaxilələr olub. Amma keçmiş şəkillərimi yan-yana qoyduqda “açıq şəkildə fərqlər olub” deyə bilmirlər. Mən əvvəl bir serialda oynayarkən həddindən artıq, yəni 10 kilo kökəlmişdim. Lakin elə həmin il içərisində 10 kilonu ata bildim və arıqladım. İstər – istəməz o dönəmin şəkillərində fərq oldu. Buna görə insanların ağlına həmin dönəm gəlir. Çünki mən kilo alanda üzüm yuvarlaq xətli olduğu üçün daha kök görünür. Mənim ən böyük problemim kökəlib, arıqladığım vaxtlar oldu.
Karyeranıza neçə yaşında və hansı layihə ilə başlamısınız?
Karyerama çox kiçik yaşlarda başlamışam. 7-8 yaşlarımda ibtidai sinifdə oxuyarkən tək başıma evdə oyun oynamağı çox sevirdim. Bir gün valideynlərim dostlarımla deyil, öz-özümə daha çox oyun oynadığımı və ayna qarşısında danışdığımı fərq etdilər. İstər-istəməz narahat olaraq məni psixoloqa apardılar. Psixoloji bir xəstəliyim olmasından qorxublar. Psixoloq isə tamamilə xəyal dünyamın çox geniş olduğunu və heç bir problemimin olmadığını, sadəcə bunları paylaşa biləcəyim bir xobbiyə ehtiyacım olduğun üçün tək başıma oynadığımı dedi. Bundan sonra ailəm məni ya rəsm kursu və ya teatra yazdırmağa qərar verdi. Mən də teatrı seçərək kiçik yaşlardan etibarən teatr təhsili almağa başladım. Teatarla yanaşı baletə də getdim. Teatr təhsili aldığım ikinci ildə, yəni 10 yaşımda ilk dəfə reklam filmində oynadım. Həmin reklam filmində İbrahim Tatlıses də yer almışdı. Daha sonra başqa reklamlara da çəkildim.
14 yaşımda olarkən isə “Hatırla Sevgili” adlı ilk serialıma çəkildim. Beren Saatın da rol aldığı ekran işində əsas obrazlardan birini oynadım. Sonra isə “Şöhret Okulu” adlı serialda rol aldım. Çox erkən yaşlarda aktrisalıq etməyə başladığım üçün karyerama bu sahədə davam etdim. Bununla belə “Craft Oyunculuk Atölyesi”-ndə iki il aktrisalıq təhsili aldım. “Başkent İletişim Bilimleri Akademisi”-də aparıcılıq və şərhçilik təhsili də aldım. “Galatasaray Üniversitesi”-ndə isə teatr topluluğunda yer aldım. Ən son olaraq da “İstanbul Drama Sanat Akademisi”-ndə dram təhsilimi tamamlayıb, Təhsil Nazirliyinin təsdiqi ilə dram müəllimi oldum. Aktrisalıqdan başqa məktəblərdə və kolleclərdə uşaqlara və böyüklərə dram müəllimliyi edirəm.
Professional karyeranıza isə “Muhteşem Yüzyıl” kimi dünyaca məşhur bir serialla başlamısınız. “Muhteşem Yüzyıl” serialına necə daxil oldunuz?
“Muhteşem Yüzyıl” əslində üçüncü serialımdır. 14 yaşımda “Hatırla Sevgili”, 15 yaşımda isə “Şöhrət Okulu” seriallarında yer almışam. Amma 18 yaşımdan sonra, öz istəyimlə çəkilib, müqavilə imzaladığım serial “Muhteşem Yüzyıl” olduğu üçün ilk sayılır. “Muhteşem Yüzyıl”-da 39 bölüm “Esma Xatun” rolunu oynadım. Seriala transfer hekayəm əslində biraz fərqli oldu. Serialın hələ heyəti qurularkən mən də seçimlərə getdim. Lakin ten rəngim yazdan sonra biraz qaraldığına görə o dövr üçün uyğun sayılmadım. Aradan 5-6 ay keçdikdən sonra isə mənə zəng edərək, bir aktrisanın başqa seriala getdiyini, onun obrazına başqa bir aktrisa axtardıqlarını və ağıllarına mənim gəldiyimi söylədilər. Ardından serialın heyətinə daxil oldum. Meryem Üzerli və Halit Ergenç kimi məşhurlarla eyni serialda rol aldım.
Hər şey çox yaxşı idi, mükəmməl bir heyətimiz var idi. Hələ də o heyətdəki hərkəslə az-az da olsa əlaqələrim davam edir.
“Elif” serialındakı “İpek Emiroğlu” obrazı ilə karyeranızın zirvəsinə yüksəldiniz. Bu uğuru nəyə borclusunuz?
Bəli, “Elif” serialı mənim tanınmağıma və inkişaf etməyimə səbəb oldu. Gündəlik serial idi və mən də üç il boyunca baş rollardan birini ifa edirdim. Həyatımda ən gözəl anları yaşadığım, dostluqlar qazandığım bir layihə oldu. Samsunda Wilma Ellesin baş rolda olduğu bir filmdə çəkilərkən mənə “Elif” serialından təklif gəldi. Mən də razılaşaraq filmdən ayrılıb, “Elif” serialına daxil oldum. Mənim seriallara qatılmağım adətən belə olur. Yenə “Muhteşem Yüzyıl” da olduğu kimi, burada da heyət qurulduqdan sonra “İpek Emiroğlu” obrazı mənə qismət oldu. “Elif” serialında olan hərkəslə də dostluq münasibətlərim hələ də davam edir. Bu serialın dostluqlar baxımından mənim üçün xüsusi yeri var. Həmçinin aktrisa kimi özümü sübut etdiyim, çoxlu təcrübələr qazandığım bir iş oldu. Üç il boyunca hərgün çəkilişlər olsa da, geriyə dönüb baxdığımda “yaxşı ki, içində rol almışam” dediyim bir layihədir.Sizcə təhsil şərtdir, yoxsa hərkəs aktyorluq edə bilər?
Əslində ilk başda mənim də təhsilim yox idi, sadəcə kiçik bir teatr məktəbində təhsil almışdım. Bu sektora da o sayədə daxil oldum. Təhsil müəyyən bir vaxt sonra şərt olur. Çünki oynayacağınız obrazı canlandıra bilməyiniz üçün bilikləriniz olmalıdır. Hərkəs hər həyatı yaşamayıb. Obrazı həqiqətən mənimsəmək və o rolu yarada bilmək üçün yaxşı analiz etmək lazımdır. Amma analiz edə bilirsinizsə, xəyal dünyanız genişdirsə, yaxşı müşahidə qabliyyətiniz və doğuşdan gələn istedadanız varsa, bəzən təhsil olmadan da şansın köməyi ilə aktyor ola bilərsiniz. Lakin mən təhsilin olması tərəfdarıyam. Mən aktrisalıq etmədiyim zamanlarda müəllimlik etməyi və öyrətməyi çox sevirəm. Mənim üçün təhsil həyatın əsas mərkəzlərindən biridir. Bir universiteti bitirmişəm, indi ikinci universiteti oxuyuram. Bəlkə təhsil almasaydım da, bu sektorun içindən gəldiyimə görə yenə bunları bacara bilərdim amma hazırda kamera qarşısında olmayanda belə öz ayaqlarım üzərində dura bilməyimin və “bu mənim peşəmdir” deyə bilməyimin səbəbi təhsildir.
Sizcə hal-hazırda məşhur olmaq çox asandır?
Bəli, hazırda məşhur olmaq asandır. “Youtube” və ya “İnstagram” ilə məşhur ola bilərsiniz. Ağlınıza bir fikir gələndə bunu “TikTok” və ya başqa platformada çəkib gündəmə gətirərək məşhur ola bilirsiniz. Artıq serialda oynamaq sizi məşhur etməsə də, buna sosial şəbəkələr sayəsində nail ola bilirsiniz. Amma məşhurluq nəyə əsasəndir? Məşhur olmaq istəyən insan sadəcə tanınmaq istəyir yoxsa etdiyi işlərlə məşhurlaşmaq istəyir? Bu ikisi arasında böyük fərq var.
Bəyəndiyiniz yerli və xarici məşhurlar var?
Əslində bu dəyişən birşeydir. Yəni bir serial izləyirəm, ordakı bir aktrisaya heyran qalıram amma başqa bir serialda başqa bir obrazı canlandıranda, eyni şəkildə o enerjini vermir və artıq ona heyranlıq duymuram. Hazırda ən çox Ezgi Molanı sevirəm. O həm dramı, həm də komediyanı çox yaxşı oynayır. Onu canlı olaraq da bir çox dəfə izləmişəm. Onun aktrisalığını çox sevirəm. Kişilərdən isə Aras Bulut İynemlinin akytorluğunu bəyənirəm. Xarici aktyorlardan Jude Love və aktrisalardan isə “La Casa De Papel” serialında “Tokio” obrazını oynayan Ursula Corberonu çox bəyənirəm.
Karyera hədəfləriniz nələrdir?
Karyera hədəflərim arasında bu işin kamera arxası qismində olan film prodüserliyi var. Hazırda öz yazdığım dörd ssenarim var. İkisi serial, ikisi isə film ssenariləridir. Bu film ssenarilərdən birinə başlamışıq, Qaziantep şəhərində çəkmək istəyirik. Serialların birin isə çəkilişlərinə başlamışıq, hətta üç bölüm çəkmişik. Hazırda hansı platformaya satılacağına dair danışıqlar getdiyi üçün çəkilişlərə fasilə vermişik. Heyətə bir iki dəyişiklik edib, yenidən çəkilişlərə başlayacağıq. Serialımızın musiqilərini “Boriton” ləqəbi ilə tanınan Göktuğ Tavacı bəstələyəcək. Bu işin mənə daha çox motivasiya verdiyini gördüm. Çünki xəyal etdiyim bir şeyin canlandırılması, oynanılması və sonda bunun izlənə bilməsi mənə böyük zövq verdi. Karyera hədəflərim arasında ssenarist və film prodüseri kimi mükafat almaq var. İnşAllah olar. Ssenarist olaraq dünyaca məşhur olmaq istəyirəm. Ona görə ilk hədəfim hazırladığım layihələri “Netflix”-də yayımlayaraq, dünyaya çatdırmaq istəyirəm.
Səyahətçi olmağa necə qərar verdiniz?
Biraz izləyici kütləmin sayəsində oldu. Xobbi olaraq getdiyim tətillərdən şəkillər çəkməyi, oradan xatirələrimi paylaşmağı sevirdim. Sonra bunla əlaqədər olaraq çoxlu suallar gəlməyə başladı. Getdiyim otellər də mənə reklam təklifləri verdilər. Həyatımda üç şey mənə motivasiya verir. Aktrisalıq, xəyal etdiklərimi yazıb başqalarına oynatmaq və səyahət etmək. Görmək istədiyim ölkələri gəzdikcə bundan zövq almağa başladım. Əslində zəncirvari şəkildə hamısı bir-biriylə sıx bağlıdır. Çünki hamısı bir xəyal ilə başlayır. Hazırda aktrisa kimi ekranlarda olmasam da, daha çox səyahətlər edirəm. Üstəlik sevdiyim işdən pul qazanıram. Həm pul qazanıb, həm də bu işi etmək çox gözəldir.
Azərbaycanlı məşhur aktrisa Aysel Nazim ilə çox yaxın dostsunuz. Necə tanış oldunuz və hazırda hansı layihələriniz var?
Aysel Nazim ilə bir neçə il bundan əvvəl Barış Mançonun vəfatının il dönümüylə əlaqədar olan bir layihədə tanış olduq. Bu layihədə bir çox xarici dildə oxunan “Dönence” mahnısının klipində birlikdə rol aldıq. Orada başlayan dostluğumuz fərqli ölkələrdə yaşasaq da, illər içərisində daha da böyüyərək irəlilədi. Bir-birimizi çox sevirik və dəstəkləyirik. Mən əminəm ki, bugün nə etsəm Aysel qeyd-şərtsiz yanımda olar. Eyni şəkildə məndə onun yanımda olaram. Hazırda Aysel Nazimlə birlikdə Türkiyənin şəhərlərinə səyahətlər edirik. Aysellə güclərimizi birləşdirərək “İnstagram”-da “2 Tatilci” səhifəsi açdıq. Səyahətlər edirik, gəzib əylənirik və bundan pul qazanırıq. İnşAllah tezliklə “Youtube” kanalı açacayıq. Orada xarici ölkələrə olan səfərlərimizi paylaşacayıq. Fərqli ölkələrin yeməklərindən, adətlərindən və mədəniyyətlərindən bəhs edəcəyik. Paraşütlə tullanmaq, xizək sürmək, ata minmək və başqa idman fəaliyyətləri ilə bağlı da maraqlı sujetlərimiz olacaq. Çox əyləncəli videolar hazırlayacayıq.
Hərkəs sizin model kimi gözəl olduğunuzu deyir. Heç modellik etməyi fikirləşmisiniz?
Model olmağı heç fikirləşməmişəm. Fiziki cəhətdən də modellər qədər gözəl olub-olmadığımı bilmirəm. Amma bəzən bəzi geyimlərin tanıtımlarında iştirak etmişəm. Lakin heç vaxt bunu podiumda sərgiləməmişəm. Mən daha çox xəyal qurub, canlandırmağı sevdiyim üçün model olmaq mənim üçün heç bir zaman ön planda olmayıb. Amma model kimi olduğumu düşündüyünüz üçün təşəkkür edirəm.
Həm senarist, həm də aktrisalıq edirsiniz. Yazmaqdan yoxsa oynamaqdan daha çox zövq alırsınız?
Yazmaqdan da oynamaqdan da zövq alıram. Öz yazdığımı oynamaqdan daha çox zövq alıram. Çünki siz düşünmüsünüz, siz xəyal etmisiniz və özünüz oynayırsınız. Birdə bunu dostlarınız, sizin seçdiyiz insanlar oynadıqda mükəmməl bir hiss olur.
Son olaraq əlavə etmək istədiyiniz bir şey varmı?
Aysel Nazim ilə Kapadokyada bir kataloq çəkilişimiz oldu. Yeni layihələrimiz üçün həm video, həm də şəkillər çəkdirdik. Şəkillərimizi çəkən fotoqraf Murat Köksalarta sizin vasitəsinizlə təşəkkür etmək istəyirəm. Ən qısa zamanda Azərbaycana da gələcəyik. Müsahibə üçün təşəkkürlər.
Elmir Kərimli
Follow @7timesaz