Ötən həftə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib. Rəsmi Kreml bəyan edib ki, Putin prezidentlərin qrafiki və epidemioloji vəziyyət imkan verən kimi Türkiyəyə səfər edəcək. Hələlik Rusiya liderinin Türkiyəyə gözlənilən səfərinin vaxtı dəqiq məlum deyil. Lakin Putinin gözlənilən Ankara səfərinin gündəliyində bir sıra vacib məqamların olduğu ehtimal edilir.
Ərdoğan-Putin görüşündə nələr müzakirə olunacaq?
Rusiyalı tanınmış politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin mümkün səfərlə bağlı Modern.az-a açıqlama verib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə prezidentlərinin görüşü həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından yığılıb qalmış bir sıra məsələlərlə bağlıdır:
“Rusiya Prezidenti Vladimir Putinin mümkün səfəri sırf Rəcəb Tayyib Ərdoğanın təklifi ilə bağlı olmaya bilər. Çünki Donbassdakı münaqişənin həlli, bir tərəfdən Kiyev, digər tərəfdən isə Luqansk və Donetsk arasında dialoq məsələsi gündəmdədir. Ukrayna da öz növbəsində Minsk razılaşmalarına əməl etməlidir. Mövcud olduğu illər ərzində onların bəndlərini yerinə yetirməyə çalışmayıb. Eyni zamanda Belarus da danışıqlar aparan funksiyaya malik deyil. Bu ölkə sırf Minsk razılaşmalarının həyata keçirilməsi üçün tərəflərin konkret məqamları müzakirə etdiyi platforma kimi çıxış edə bilər”.
Rusiyalı politoloq hesab edir ki, Rusiya və Türkiyə liderlərinin görüşü həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından əlverişli olacaq:
“Şübhəsiz ki, görüşlər vacibdir. Mövzulardan biri də ABŞ-ın Yunanıstan ərazisində hərbi baza yerləşdirməklə irəli sürdüyü Türkiyənin NATO blokundan çıxması ola bilər. Amma Türkiyə Rusiya və Ukrayna arasında əlaqələrin normallaşmasına yardımçı ola bilər, bunu da görüşdən sonra biləcəyik”.
Follow @7timesaz