İnfluenser Asya İsmayılova (Asyafuad) komaya düşməsi, keçmiş həyat yoldaşı Fuad İsmayılovla münasibəti ilə bağlı OLAY-a danışıb.
Hazırda səhhətinin çox yaxşı olduğunu bildirən Asya deyib ki, analizlərin nəticəsində problemin hansı orqanda olduğu tapılıb:
“İndi əlayam. Həkimim deyib ki, 6 ay özünü qorumalısan. Amma özümü çox yaxşı hiss edirəm, sanki elə bir şey yaşanmayıb. Səbəbi məlum olmayan sepsis idi. O da orqanlarda, ürəkdə, ağciyərdə, böyrəkdə problem varsa, yaranır. Bunun dərininə getmək üçün başqa analizlər vermək lazımdır. Lakin həkimin dediyinə görə, səbəb böyrəyimdəki daş olub. Daş olduğu üçün ildə bir-iki dəfə ağrılarım olurdu. Normalda məni narahat etmir, amma soyuqlamışdım, bu da təkan verdi.
Digər əməliyyatlarda öncədən analizlər verilir. Məsələn, hemoqlobin aşağıdırsa, artımı üçün dərmanlar qəbul edirsən. Amma mən başqa bir həkimdə də sedasiya olunmuşdum. Buna baxmayaraq, heç bir analiz tələb etmirlər ki, bəlkə, ürəyində problem var, ya da başqa nəsə. Diş həkimləri bu tip analizlər istəmir. Burada günah məndə də oldu ki, problemimi həkimə demədim. Bəzi şeyləri demişdim, onlar da problem yaratmadı”.
Asya bildirib ki, həmin diş həkimi ilə münasibətləri hazırda normaldır:
“Son olaraq onun yanında olmuşdum, məni evə aparmışdı. O yox başqa bir həkimin yanında olsaydım, avtomatik həmin adam günahlandırılacaqdı. Amma mən səbəb bəlli olmadan heç kimi günahlandırmaq istəmədim, əlaqalərim də yaxşıdır. Özü ilə dialoqum normaldır”.
İnfluenser keçmiş həyat yoldaşı F. İsmayılovun xəstəxanada olduğu müddətdə yanında olmasından söz açıb:
“Fuadla dostluq münasibətimiz var. Uşaqlarımın atasıdır. Bizim düşmən olmağımız düzgün olmaz. İndi də düşmən deyilik, həmin müddətdə yanımda oldu sağ olsun. Eyni şey onun da başına gəlsə, mən də yanında olardım. Amma ortada barışıq yoxdur”.
Bloger həmçinin Fuadın onun soyadı ilə bağlı yazdığı statusa da aydınlıq gətirib:
“Tədbirlərə gedəndə hamı məndən soruşanda, Asya Aslanova kimi qeyd etdirirəm. Amma bütün sənədləri dəyişməyə ərindiyim üçün İsmayılova qalıb. Yəqin o da ona görə qıcıqlanıb. Çünki rəsmi sənəddə İsmayılovadır. Bəlkə gələcəkdə dəyişərəm. Rəsmi boşanmışıq. Hətta Apelyasiya məhkəməsi də olub. Orada da ayrılmışıq. Sadəcə soyada toxunmamışam”.
Qeyd edək ki, Asya bir müddət öncə sedasiya üsulu ilə dişini çəkdirdiyi zaman komaya düşmüş, bir neçə gün reanimasiyada müalicə olunmuşdu.