Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərsun Sənaye Parkı”nda baş verən yanğının ilkin səbəbini açıqlayıb.
7Times.az xəbər verir ki, bu barədə general-polkovnik jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, yanğın sahəsinin kənarında karton tullantıları olub. Ehtimal olunan ilk variant budur ki, yanğın oradan başlayıb:
“Çünki müəssisənin özünün təhlükəsizlik kameralarında bu, əks olunub. Baş Prokurorluq və FHN tərəfindən başlanmış cinayət işində bəzi istintaq sirrləri olduğuna görə hər məlumatı deyə bilməyəcəm. İstintaqın gedişi barədə mütəmadi olaraq məlumat veriləcək”.
Kəmaləddin Heydərov onu da əlavə edib ki, yanğınla bağlı məlumat saat 17:26-da daxil olub. Bundan 9 dəqiqə sonra hadisə yerinə ilk yanğınsöndürən maşın cəlb olunub:
“Lakin hadisənin ciddiliyi nəzərə alınaraq, ən yüksək dərəcədə yanğınsöndürmə tapşırığı verilmişdi və yanğının söndürülməsinə 35 yanğınsöndürən maşın cəlb olunub. Daha sonra da 2 helikopter havaya qalxıb”.
Follow @7timesaz