Maqazin

Əkizlər üçün bu obrazı yaradanlar danışdı

Əkizlər üçün bu obrazı yaradanlar danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tural və Turan Bağmanovların “Avroviziya”nın açılış mərasimindəki obrazı tənqidlərə məruz qalıb. 

Əkizlərin saç düzümü, geyimi  dünəndən sosial şəbəkələrin gündəmini zəbt edib. TuralTuranX qrupu linç, hətta ağır təhqirlərə məruz qalıb.

OLAY sözügedən obrazın müəllifləri ilə əlaqə saxlamağa çalışıb.

Hazırda Liverpulda olan stilist Fuad Hacıyevdən açıqlama almaq mümkün olmayıb.  Sənətçilərin staylinqi ilə məşğul olan digər dəb məsləhətçisi Niko Lab isə mövzu barədə bunları deyib:

“Düzü, tənqidlərdən xəbərim yoxdur. Bütün Avropa ölkəmizi təmsil edən gəncləri çox sevir və dəstəkləyir. Düşünürəm ki, onlardan yaxşı bizi təmsil edən yoxdur. Biz komanda olaraq, açılış mərasimindəki geyimlər üçün əziyyət çəkmişik. Geyimlər rəngarəngdir və kifayət qədər bəyənilib. Tural və Turan məhz stilləri ilə dünyaya səs salıblar. Hamı bəyənib, bizimkilər bəyənməyibsə, nə deyim? 

Biz firuzəyi xalıda istifadə olunan obraz üçün “The Beatles” qrupundan ilhamlanmışıq. Yəni, bu xalı onların şərəfinə təşkil edilib. Təmsilçilərimizin geyindiyi isə sözügedən qrupun “look”larından biridir. Azərbaycanlıların bəyənmədiyi nədir? Anlamıram. Bəlkə saç düzümlərini bəyənməyiblər. Hamısının üzərində zəhmətimiz var. Zəhmətimizi belə dəyərləndirməyin”.

Tural  ə Turanın firuzəyi xalçadakı paltarların müəllifi Aysel Sadıqova isə məsələ barədə danışmaq istəməyib.

Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova da Tural və Turan qardaşlarının tənqid olunmasına münasibət bildirib. Mətbuat katibinin Report-a dediyi sözlərinə görə, bu il Azərbaycanın Avroviziya-dakı tərzi barədə hamı müsbət danışır: 

“Geyim fərqlidir, bizim auditoriyanın öyrəşmədiyi bir geyimdir. Təmsilçilərimiz müsabiqənin əsas hissəsinə fərqli retro geyimində çıxacaqlar. Yəni həmin geyim sadəcə xalı üçün idi”.

Hazırladı: Nigar Namiq