Müğənni Nərmin Kərimbəyova Avroviziya arzusunu dilə gətirib.
İfaçı bu barədə OLAY-a danışıb:
“Azərbaycanı Avroviziya-da təmsil etmək istərdim. Ən böyük səhnələrdə ölkəni təmsil etməyə hazır kadram. Tanıyın Nərmini! Nərmin ingilisdillidir, əla ifa edə bilir, səhnədə istədiyiniz bir şeyi göstərə bilir. Elə bir şey göstərərəm ki, şok yaşayarsınız“.
Nərmin sözügedən yarışmada yerli musiqi prodüseri olan Eldar Qasımov barədə də söz açıb:
“Eldar bizim yarışma təmsilçilərimizi seçib, təyin etməklə məşğuldur, amma mən ona heç vaxt demərəm ki, ay Eldar, mən də varam! Özündən eşitmişəm ki, ona müraciət edənlər çoxdur, hamısı da deyir, məni seç! Eldar da artıq onlardan yorulub. Mən heç vaxt ondan məni seçməyini istəmərəm, çünki o, hamını görür. Əgər uyğun bilsə, özü təklif edəcək. Ona görə də israr etməyin mənası yoxdur. Bu insan tək qərar vermir. Şansı olsa, təklif edər. Çox insanlar istəsə, Nərmin Avroviziyaya gedəcək. İstəyin Nərmini! Nərmini ölkə istəyir!”.
Kərimbəyova builki təmsilçilərimiz TuralTuranX barədə də fikirlərini deyib:
“İstərdim ki, ilk beşliyə daxil olsunlar. Onlarla təzə tanış olmuşam, səhnə performanslarına bələd deyiləm. Ancaq mənə xoş təsir bağışlayırlar, istedadlı uşaqlardır, çox gözəl auraları var. Səmimi qəlbdən uğur diləyirəm”.